Xəbəri Kokpitdə Oxuyun!

Silverstouna gətirilmiş yeniliklər

Bütün komandalar Britaniya Qran Prisinə texniki yeniliklərlə gəlməyib. Məsələn, Ferrari Silverstounda SF-25-ə yenilik əlavə etməyib, halbuki əvvəlcədən gözləntilər bu idi ki, növbəti texniki paket məhz burada təqdim olunacaq. Ancaq bu yeniliklər artıq Avstriyada istifadəyə verilib və bu da keçən bazar günü Scuderia sürücülərinə 3-cü və 4-cü yerləri tutmaqda imkan yaradıb.

McLaren

Çempionatın liderləri üstünlüklərinə arxayın olmayıblar və ev yarışlarına bir neçə yenilik hazırlayıblar. Əsas diqqət altlığa yönəldilib. Komanda bildirib ki, altlığın korpusu tamamilə yenidən hazırlanıb, nəticədə hava axınının idarə olunmasında və mənfi təzyiq zonalarının daha düzgün paylanmasında optimallıq əldə olunub.

Bu dəyişikliklər MCL39 modelinin aerodinamik effektivliyini ümumi şəkildə artırıb.

Maşının arxa hissəsində əyləc borularının hava kanallarında dəyişiklik edilib – bu həm aerodinamik parametrləri yaxşılaşdırıb, həm də əyləclərin soyumasını daha effektiv edib.

Red Bull Racing

Maks Ferstappenin maşını da yenilənmiş altlıqla təchiz olunub, amma RB21 modelində Yuki Tsunoda üçün əvvəlki – Avstriya versiyası qalmaqda davam edib. Komanda qeyd edib ki, RB21-də Venturi tunellərinin arakəsmələrinin yerləşməsi və geometriyası bir qədər dəyişdirilib.

Bu dəyişikliklər hava təzyiqinin yaxşılaşması və axının sabitliyinin artırılması üçün nəzərdə tutulub.

Aston Martin F1

Aston Martin-in təqdim etdiyi yeniliklər daha genişdir – ümumilikdə dörd dəyişiklik olub. Onlardan üçü AMR25 modelinin altlığına aid olub – altlığın əsas hissəsinin forması dəyişdirilib, Venturi tunellərinin arakəsmələrinin konfiqurasiyası təhlil edilib, eləcə də altlığın kənarlarında yerləşən aerodinamik əlavələr yenidən işlənib.

Bütün bunlar altlığın alt hissəsində hava axınının strukturunu yaxşılaşdırıb, asfaltayatma qüvvəsini artırıb və aerodinamik elementlərin işi üzərində müsbət təsir göstərib.

Bundan başqa, maşın yenilənmiş mühərrik örtüyü ilə təchiz edilib, bu da altlıqda edilən dəyişikliklərlə bağlıdır.

Haas F1

ABŞ komandasının maşınlarında da altlıq yenilənib, dəyişikliklər korpusa, Venturi tunellərinin arakəsmələrinə və kənarlara aid olub.

Komandanın açıqlamasında bildirilib ki, altlığın yenilənmiş geometriyası hava axınının idarəsini yaxşılaşdırıb, yan qüvvələr şəraitində ground-effect effektinin səmərəliliyini artırıb. Nəticədə döngələrdə daha yüksək sabitlik əldə olunub, döngələrin orta fazasında sürət artıb, bu da sürücülərə daha inamlı pilotaj imkanı verib.

Bundan başqa, VF-25 modelində yan pontonlarda yerləşən soyutma sisteminin hava girişlərinin geometriyası dəyişdirilib, və bu da arxa güzgülərin mövqeyinə təsir göstərib.

Racing Bulls

VCARB 02 modelində ön qanadın hərəkətli elementinin profili yenidən işlənib – bu dəyişiklik Silverstoundakı trasın xüsusiyyətlərinə uyğun hazırlanıb.

Williams

Williams maşınlarında altlığın ön kənarında yerləşən arakəsmələrin geometriyası dəyişdirilib – bu da Venturi tunelləri vasitəsilə keçən hava axınının daha düzgün paylanması üçün nəzərdə tutulub.

Sauber

C45 modelində də altlığın ön hissəsi Silverstoun trasının xüsusiyyətləri nəzərə alınaraq yenilənib, bu da maşının ümumi aerodinamik səmərəliliyinin artırılmasına imkan verib. Bundan əlavə, ön qanadın tənzimlənə bilən elementi də dəyişdirilib və bu dəyişikliklər maşının asfaltayatma qüvvəsinə uyğun aerodinamik sazlanması ilə bağlıdır.

Rauf Hacıyev

Şərh əlavə et