Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Lando ilə eyni səviyyədəyik

McLaren komandasının pilotu Oskar Piastri Britaniya Qran Prisindən əvvəl həm komanda daxilindəki rəqabət, həm də çempionluq mübarizəsi ilə bağlı fikirlərini bölüşüb.

Piastri Silverstounu “ikinci evi” olaraq xarakterizə edib və Alpine dövrünə geri dönüb baxmadığını vurğulayıb.

Komanda yoldaşı Lando Norris ilə olan rəqabətlə bağlı verilən suala Oskar Piastri belə cavab verib: “Düşünürəm ki, çox bərabər səviyyədəyik. Bu il kim tam potensialını göstərə bilirsə, yarışlari gah biri, gah da digəri qazanır. Hansımız həmin həftəsonu 100 faiz gücümüzü ortaya qoya bilsək, qələbə şansı daha yüksək olacaq”.

Red Bull komandasının pilotu Maks Ferstappenin Avstriyada mübarizəni vaxtından əvvəl dayandırmasının ardından onun çempionluqdan kənar qaldığı yönündəki şərhlərlə razılaşmayan Piastri bildirib: “Maksın çempionatda neçə xal geri qalması məni maraqlandırmır. O, hər həftəsonu təhlükə yaradır. Ona görə də onu tam olaraq hesabdan silmək hələ də çox risklidir”.

Keçmişdə Alpine-dən ayrılması ilə bağlı isə Piastri belə deyib: “Son vaxtlar bu barədə çox düşünməmişəm. F1-ə ilk başladığımda hər iki komandanın istiqamətləri müqayisə olunurdu, amma son 12 ayda bu heç ağlıma belə gəlməyib”.

Avstriya Qran Prisində Alpine bolidlərinin onun yoluna çıxması ilə bağlı şərhlərinin də sırf yarışdakı təsadüflərlə əlaqəli olduğunu qeyd edib.

McLaren-in yeni asılqan paketini hələ istifadə etmədiyini bildirən Piastri əlavə edib: “Bu mənim üçün bir yüksəltmə deyil, sadəcə fərqli seçimdir. Bəzi şeyləri daha yaxşı edir, bəzi şeyləri isə daha pis. İndiyə qədər bolidin davranışından razıyam, ona görə də bu dəyişikliyi düşünmürəm”.

Silverstoundakı yarışın Lando üçün ev yarışı olması barədə danışan Piastri deyib: “Mən də uzun müddət İngiltərədə yaşamışam, bu baxımdan bura mənim üçün ikinci ev yarışıdır. Burada daha əvvəl dəfələrlə yarışmışam, çox gözəl xatirələrim var. Amma bu həftəki məqsədim qalib gəlməkdir. Harada yarışdığımızın fərqi yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et