Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Həmilton 1 nömrədir

Lando Norris ona yönəldilən “ən yaxşı britaniyalı pilot kimdir?” sualına cavab verib.

Kokpit.az bildirir ki, McLaren pilotu hazırda Sürücülər Çempionatında 201 xalla komanda yoldaşı Oskar Piastridən 15 xal geri qalaraq ikinci yerdə qərarlaşıb. Digər britaniyalı pilotlardan Corc Rassell dördüncü, Lyuis Həmilton altıncı, Aleks Elbon səkkizinci, Ollie Berman isə 18-ci yerdədir.

Mətbuat konfransında bu barədə verilən sualı Lando Norris belə cavablandırıb: “Yəni, nəzəri cəhətdən… bunu belə deməyəcəyəm. Amma düşünürəm ki, yarışı qazanmaq üçün ən yaxşı şansa sahib olan mənəm. Əlbəttə, bu mövsüm çempionluq uğrunda mübarizə aparan pilotlardan biriyəm.

Britaniyanın bir nömrəsi mənəmmi? Bilmirəm. Bu, tarixi nə qədər bildiyinizdən asılıdır. Əgər tarixi də nəzərə alsaq, Lyuis hələ də açıq fərqlə zirvədədir. O, digərlərindən daha çox yarış qələbəsi, poul mövqeyi və Dünya Çempionluğu qazanıb”.

Yeddiqat dünya çempionu Lyuis Hamilton 2014-cü ildən bəri hər il Silverstounda podiuma çıxıb və bunlardan səkkizində qələbə qazanıb.

Lando Norris sözlərinə belə davam edib: “Bəlkə bu həftəsonu britaniyalılar arasında favorit olan mənəm, amma bilmirəm. Bu cür etiketləri siz qoyursunuz, mən yox. Burada qalib gəlmək gözəl olardı. Bu mənim məqsədimdir. Hər bir idmançının məqsədi budur – tennis, qolf, fərqi yoxdur, hər kəs birinci olmaq istəyir. Amma hələlik bunu sübut etdiyimi deyə bilmərəm. Bunun üzərində işləyirəm”.

Norris Avstriyadakı qələbədən sonra Silverstouna yüksək əhval-ruhiyyə ilə gəldiyini vurğulayıb: “Hər şey üçün çox həyəcanlıyam. Hər gün səbirsizliklə gözlədiyim bir gündür. Trasda sürmək hələ də işin ən gözəl hissəsidir, amma bu səhər belə bir neçə tədbirdə iştirak etmişəm. Dünən Trafalgar Meydanında idik, çox özəl idi. Bu səhər isə tribunalara da getdim.

Səbirsizliklə gözlədiyim çox şey var. Bunların hamısı müsbət şeylərdir, diqqət yayındırıcı olsa da, yaxşı mənadadır. Ona görə özümü yaxşı hiss edirəm. Avstriyadakı qələbə ilə buraya gəlmək də gözəldir. Hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et