Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hamıya Mercedes-i tövsiyə edərəm

Ferrari komandasının pilotu Lyuis Həmilton vətənində keçirilən Britaniya Qran Prisindən əvvəl mətbuat konfransında həm komanda strategiyası, həm 2026-cı il bolidi, həm yağışda performans, həm də çəkilişi tamamlanan F1 filmi və Maks Ferstappenin Mercedes-ə mümkün keçidi ilə bağlı maraqlı açıqlamalar verib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü ilk dəfə Ferrari ilə sevimli Silverstoun trasında yarışacaq. O, bu trasda 9 dəfə qalib gəlib.

Lyuis Həmilton əvvəlcə Avstriya yarışında pitə alınma qərarına qarşı çıxdığını və bu hadisədən sonra Ferrari ilə strategiya mövzusunda açıq müzakirələr apardıqlarını bildirib: “Dördüncü yerdə başlayıb dördüncü yerdə bitirmək üçün yarışmıram. Fərq yaratmaq istəyirəm. Medium-medium-hard kimi fərqli bir strategiyaya keçə bilərdik. Komanda yoldaşım Şarlla eyni strategiyada olmaq istəmirəm”.

Yeni mövsümə hazırlıq çərçivəsində bolidin inkişafı barədə danışan Lyuis Həmilton bildirib ki, Ferrari-nin hazırkı maşınında hələ də bəzi çətinliklər yaşasa da, artıq Şarl Leklerin sazlanmalarına yaxınlaşır: “Builki maşında hələ də öyrəşməkdə çətinlik çəkdiyim məqamlar var. Gələnilki maşında isə öz sürüş tərzimin nəzərə alınmasını istəyirəm. Bunun üçün Loik və bazadakı mühəndislərlə birlikdə çalışırıq”.

Maks Ferstappenin Mercedes-ə keçə biləcəyi ilə bağlı sualı cavablandıran Həmilton fikrini açıq formada bildirib: “Əgər kimsə məndən soruşsa, Mercedes-i mütləq tövsiyə edərəm. Mükəmməl komandadır. Mükəmməl bazası, möhtəşəm əməkdaşları və böyük ehtirası var.”

O, illər öncə Red Bull haqqında dediyi “sadəcə bir içki şirkətidir” ifadəsindən peşman olduğunu da etiraf edib.

F1 mövzulu filmdə prodüser olaraq da iştirak edən Həmilton layihəyə böyük maraq göstərildiyini, lakin dərhal ikinci filmin çəkilməsi fikrini doğru hesab etmədiyini deyib: “Film yeni başa çatıb. Dərhal ikinci filmi çəkmək ən böyük səhv olar. Bunun əvəzinə F1-də olduğu kimi ‘debrief’ edək. Nələri yaxşı etdik, nələri daha yaxşı edə bilərdik – bunları dəyərləndirək”.

Silverstoundakı həftə sonu üçün hava şəraitinin öz xeyrinə olmasını arzuladığını bildirən Həmilton əlavə edib: “Silverstoun həmişə xüsusi yarış olur. Bu həftəsonu bir az möcüzəyə, bir az da yağışa ehtiyacım var. Çünki quru trasda McLaren bizdən xeyli sürətlidir”.

Həmiıton ilk dəfə Ferrari ilə Silverstounda yarışacaq və o, bu anın xüsusi olduğunu vurğulayıb: “Qırmızı maşınla burada yarışmaq mənim üçün xüsusi olacaq. Azarkeşlər möhtəşəmdir. Bu dəstək fərq yarada bilər”.

Rauf Hacıyev

Şərh əlavə et