Britaniya Qran Prisindən əvvəl Maks Ferstappenin Red Bull-dakı gələcəyi və Mercedes-ə mümkün keçidi ilə bağlı söz-söhbətlər səngimədən davam edir.
Bu şayiələr Red Bull-un son yarışlarda enən performansı ilə üst-üstə düşür. Komanda hazırda Mühəndislər Kubokunda dördüncü yerə qədər geriləyib. Digər tərəfdən Mercedes Corc Rassellin Kanada Qran Prisindəki qələbəsi ilə mövsümdəki ilk yarış zəfərini qeyd edib.
İndiyədək bir çox pilot bu barədə fikirlərini bölüşsə də, hamı peletondakı ən təcrübəli pilot olan Fernando Alonsonun nə deyəcəyini səbirsizliklə gözləyirdi.
Fernando Alonso özünəməxsus istehzalı üslubu ilə cavab verib: “Xeyr, məsləhət vermirəm!
Yəni, məsləhətçi ola bilərəm, amma bunun üçün yaxşı pul lazımdır. Ona görə də, hazırda məsləhət verməyəcəyəm”.
Alonso 2026-cı ildən bəhs edərək sözlərinə belə davam edib: “Gələn ilin böyük bir fürsət olduğunu hamımız bilirik.
Bu yalnız Aston üçün deyil, qələbə uğrunda mübarizə aparmaq istəyən əksər komandalar üçün keçərlidir. Gələn il qaydalar sıfırlanacaq və biz hamımız daha böyük hədəflər uğrunda mübarizə aparmaq istəyirik”.
Həftəsonu ilə bağlı gözləntiləri barədə Fernando Alonso belə cavab verib: “Cümə günü çox gərgin keçəcək. Bu dəqiqdir.
Yeni detalları test etməliyik. Hər iki maşında fərqli proqramlarla işləyəcəyik, məşqlərdə fərqli paketlər və sazlanmalar yoxlayacağıq. Ümid edirəm hava quru olar, çünki paketi düzgün anlaya bilməyimiz üçün bu çox vacibdir.
Amma səmimi deyim, bu dəfə gətirdiyimiz yeniliklər İmoladakından daha kiçikdir. Yəni yalnız altlıq hissəsində çox cüzi bir dəyişiklik var, gözlə görünən bir fərq yoxdur. Amma əlbəttə, gətirdiyimiz hər detal dəyərlidir və çalışacağıq ki, bu paketdən maksimum şəkildə istifadə edək.
Əgər xal qazana bilsək, bu bizim üçün yaxşı həftəsonu olar. Bundan artığının mümkün olduğunu düşünmürəm.
İlk dörd komanda hamıdan çox sürətlidir. Ona görə də mövsümün qalan hissəsində ilk səkkiz maşın əlçatmaz olacaq”.
Şərh əlavə et