Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell Mercedes-ə inanır

Mercedes komandasının sürücüsü Corc Rassell 2026-cı il üçün hələlik heç bir müqavilə imzalamasa da, gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirib.

Avstriya Qran Prisində Mercedes komandasının rəhbəri Toto Volfun Maks Ferstappenin ilə danışıqlar apardığını təsdiqləməsinin ardından söz-söhbətlər daha da güclənib. Buna baxmayaraq, Mercedes pilotu Corc Rassell komandadan ayrılmaq ehtimalını “son dərəcə aşağı” qiymətləndirib.

Ferstappenin Red Bull ilə 2028-ci ilə qədər qüvvədə olan müqaviləsi mövcuddur. Lakin bəzi performansa bağlı çıxış maddələrinin yay fasiləsinə qədər işə düşə biləcəyi bildirilir. Bu da niderlandlı pilotun növbəti mövsümdə Mercedes-ə keçə biləcəyi ehtimalını gündəmdə saxlayır.

Digər tərəfdən Corc Rassell komandada qalacağına əmin olduğunu bildirib: “Hər komandanın iki yeri olur və hər komanda gələcəyi dəyərləndirir. Bunu şəxsən qəbul etmirəm, çünki əvvəldən demişəm – istənilən biri ilə komanda yoldaşı olmağa hazıram. Haqqımda çoxlu söz-söhbətlər gəzir, amma mən onların reallaşacağına inanmıram.

Mercedes ilə davam etmək istəyirəm. Toto heç vaxt mənə qarşı səhv hərəkət etməyib. Hər zaman verdiyi sözə əməl edib. Əlbəttə, o da komandası üçün ən doğru qərarı verməlidir. Bu yalnız mənimlə bağlı deyil, Mercedes-də çalışan minlərlə insanla da əlaqəlidir. Narahat olmalı bir səbəb görmürəm, çünki buradan ayrılacağımı düşünmürəm. Komanda yoldaşımın kim olacağı da məni maraqlandırmır”.

Corc Rassell digər komandalarla danışıqlar aparmadığını da vurğulayıb: “Xeyr, başqa komandalarla danışmamışam. Açığı, gələcəyimlə bağlı özümə çox güvənirəm. İndiyədək göstərdiyim performans kifayət qədər yaxşı idi. Əvvəllər mənimlə maraqlanan komandalar olmuşdu, amma onlara dedim ki, Mercedes-ə sədaqətliyəm və gələcəyim buradadır. Onsuz da menecerliyimi Mercedes özü həyata keçirir, hər şey onların vasitəsilə gedir”.

Toto Volfun qərarın yay fasiləsinədək veriləcəyi ilə bağlı açıqlamasına toxunan Rassell, bu məsələdə konkret tarix olmadığını deyib: “Ortada dəqiq tarix yoxdur, amma yay fasiləsinə qədər işlərin dəqiqləşməsi təbii olar. Mercedes eyni zamanda menecerimdir, qərar prosesi bir qədər onların əlindədir. Yəqin ki, qarşıdakı bir neçə həftədə nəsə baş verəcək”.

Corc Rassell 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlamentdən əvvəl stabilliyin əhəmiyyətini də vurğulayıb: “Gələn il üçün çoxlu müəmmalar var: maşın, mühərrik, yanacaq… Bu qədər çox qeyri-müəyyənlik içində qalib gəlmək üçün ən yaxşı şansımız, hazırkı stabillikdə davam etməkdir.

Trasda yüksək performans göstəririk. Mən də fərdi olaraq formamın zirvəsindəyəm. Lando, Şarl kimi uzun müddətdir eyni komandada olan pilotlar kimi, yeni dövrə başlayan zaman sabitlik bizim ən böyük üstünlüyümüz olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et