Xəbəri Kokpitdə Oxuyun!

Britaniya F3: Çolov ardıcıl ikinci dəfə poulda!

Nikola Çolov Silverstounda keçirilən Formula 3 -ün sıralanma turunda ən yaxşı nəticəni göstərib. Campos Racing komandasının pilotu üçün bu, mövsümdə üçüncü, ardıcıl isə ikinci poul olub.

Bazar günü baş tutacaq əsas yarışa birinci cərgədən Çolovla birgə Prema komandasının sürücüsü Uqo Uqoçukvu başlayacaq.

Cümə günü sıralanma turu günəşli hava şəraitində keçib – sessiya başladıqda hava temperaturu 24 dərəcə, asfaltın temperaturu isə 42 dərəcə olub. Pilotlar vaxt itirmədən trasda ilk dövrələrinə çıxıblar.

Bir neçə sürətli dövrədən sonra pilotlar maksimum sürətlə hücuma keçiblər. İlk sürətli dövrə Noy Stromsteddən gəlib – 1:46.318. Çempionatın lideri Rafael Kamara bu nəticəni 0.2 saniyə qabaqlayıb, Uqoçukvu isə ikinci yerə yüksəlib. Daha sonra Tim Tramnitz zirvəyə yüksəlib, lakin ilk cəhdlərin yekununda ən yaxşı vaxtı Nikola Çolov göstərib – 1:45.655.

İkinci cəhdlər üçün pilotlar sessiyanın sonuna 17 dəqiqə qalmış trasda dövrə vurmağa başlayıblar. Kamara bu dəfə ən yaxşı nəticəni 1:45.176 ilə göstərib və liderliyə yüksəlib. Çolov bu dövrədə nəticəsini yaxşılaşdıra bilməyib, Noy Stromsted isə üçüncü yerə qalxıb.

Pilotlar yeni təkər dəstləri ilə son cəhd üçün trasa çıxıblar – bu zaman sessiyanın başa çatmasına 6 dəqiqə qalmış baş verib. Nikola Çolov bu dəfə Kamaranın nəticəsini təkmilləşdirib və liderliyi yenidən ələ keçirib. Uqo Uqoçukvu ikinci, Kamara isə üçüncü yerə sahib olub. Mari Boya dördüncü yerə yüksəlib, şəxsi hesabda ikinci yerdə olan Tim Tramnitz isə beşinciliyə yiyələnib.

Sabahkı sprint yarışında start düzülüşü tərsinə düzüləcək – yəni təsnifatda ilk 12 yeri tutan pilotlar sabah əks sıra ilə yarışa başlayacaqlar. Bu səbəbdən şənbə günü poul Campos Racing komandasının digər sürücüsü Tasanapol İntrafuvasaka məxsus olub. Onunla birinci cərgədən DAMS komandasının pilotu Kristian Ho yarışa başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et