Xəbəri Kokpitdə Oxuyun!

Aleks Markes əməliyyat olunub

Honda komandasının sürücüsü Luka Marini bu həftəsonu testlərə qatılacaq. Digər tərəfdən isə Assendə qəza edərək zədələnən Aleks Markes əməliyyat olunub.

Kokpit.az bildirir ki, hazırda çempionatda ikinci yerdə olan Aleks Markes Niderland yarışının altıncı dövrəsində Pedro Akosta ilə mübarizədə qəza edərək, yıxılmış və sol əli qırılmışdı.

Gresini komandası ispaniyalı sürücünün əməliyyatının uğurlu keçdiyini bildirib. Markesin 11-13 iyul tarixlərində keçiriləcək Almaniya Qran Prisində iştirakı sual altındadır.

Gresini komandası bu barədə belə açıqlama verib: “Sol əlindəki sınığa görə əməliyyat uğurlu keçib. Aleks Markesin sağalma prosesi ilə bağlı yenilikləri növbəti günlərdə paylaşacağıq”.

Digər tərəfdə isə Luka Marini zədədən qayıdır. İtalyan sürücü keçən ay Suzuka trasında ciddi qəza keçirmiş və zədələnmişdi. Honda komandasının sürücüaü Brnoda ikigünlük xüsusi testə qatılacaq.

Luka Marininin komanda yoldaşı Xoan Mir də Brnodakı testlərə qatılmalı idi. Ancaq o da Niderland yarışında ciddi qəza keçirib və vəziyyəti qeyri-müəyyəndir.

Brno testində eyni zamanda Yamaha-dan Aleks Rins və Pramac-dan Migel Oliveyra da iştirak edəcək.

Rauf Hacıyev

Şərh əlavə et