Kokpit.az xatırladır ki, Ferrari keçən həftəsonu Avstriya Qran Prisinə yeni altlıq gətirmiş və bundan sonra Mercedes-lə Red Bull-a nisbətən daha stabil performans göstərmişdi. İtalyan komandası 50 dərəcədən yüksək asfalt temperaturunda belə təkərləri daha yaxşı istifadə edib.
Yeni altlıq bolidin sazlanma aralığını genişləndirərək, döngə girişlərində maşını daha stabil edib. Bu altlıq baş aerodinamikaçı Dieqo Tondi tərəfindən dizayn edilib və texniki direktor Loik Serra bu yeniliyi təsdiqləyib. Yenilikdən sonra isti havalarda təkər yeyilməsi xeyli azalıb.
Lakin Ferrari-nin yenilikləri bununla bitməyəcək. Spa trasında SF-25-in arxa asılqan sistemi də dəyişdiriləcək. Yeni asılqan sistemi Mercedes-dəki kimi olacaq. Üçbucaq formasındakı sistemin ön qolu ötürmələr qutusuna daha alçaq nöqtədən bağlanacaq.
Bu yeniliklə aşağı sürətli döngə çıxışlarına daha yaxşı sürətlənmə əldə ediləcək və təkərlər daha az sürüşməyə məruz qalacaq. Beləliklə ötmə anlarında bolidin arxa hissəsində yüksəklik dəyişimi də azalacaq və maşın daha stabil olacaq.
Ancaq bu üstünlüyün bir az da eybi var – Əyləcləmə zamanı bolidin arxa hissəsi daha çox yüksələ bilər və bu hal Həmiltonun sürüş tərzini çətinləşdirəcək.
Şarl Lekler isə ön tərəfi aqressiv, arxa tərəfi isə daha sərbəst işləyən bolidləri sevir. Buna görə də bu yenilik monakolu sürücüyə üstünlük gətirə bilər.
Yaranacaq bu vəziyyətə görə Macarıstan Qran Prisində ikinci altlıq yeniliyi planlaşdırılır. Yeni altlıq ani yük dəyişimlərinı qarşı bolidi daha qərarlı hala gətirəcək və asfaltayatma qüvvəsini artıracaq, balanssızlığı azaldacaq.
Beləliklə Ferrari maşındakı əsas dizayn səhvlərini tamamilə düzəldə bilməsə belə, mövsümün ikinci yarısında daha yaxşı çıxış edərək ikinci yeri qorumaq istəyir.
Bundan başqa Avstriyada ailəvi səbəblərə görə postunda olmayan komanda rəhbəri Frederik Vassyör Silverstounda yenidən işinin başına qayıdır.
Ferrari 2025-ci il maşını ilə yanaşı 2026-cı il üçün təkmilləşdirdiyi 678 kodlu maşın üzərində də işləyir.
Şərh əlavə et