Xəbəri Kokpitdə Oxuyun!

Alpine-də vəziyyət gərgindir

Alpine Formula 1 komandasında qeyri-müəyyənliklər artır. Almaniya mətbuatının yaydığı məlumata görə komandanı yaxın aylarda böyük struktur və idarəetmə dəyişiklikləri gözləyə bilər.

Komandanın son günləri kifayət qədər qarışıq keçib. Alpine-in baş direktoru Luca de Meonun qəfil istefası həm komanda daxilində, həm də Formula 1 padokunda bomba effekti yaradıb. Bu xəbərin Monreal Qran Prisi və Le Mans 24 Saat yarışları zamanı gəlməsi bunun planlı yox, məcburi bir qərar olduğuna dair şübhələri artırıb.

Komanda daxilində narahatlıq artır

De Meo avtoidmana sədaqətinə və F1-ə olan sevgisinə görə tanınırdı. Onun gedişi ilə Alpine işçiləri arasında narahatlıq yaranıb:
“Yeni rəhbərlik komandaya dəstək verəcəkmi? Komanda bağlanacaqmı, ya da satılacaqmı?” sualları geniş şəkildə müzakirə olunur.

Hazırda komandanın idarəetməsi Flavio Briatorenin əlindədir. Təcrübəli menecer 2029-cu ilə qədər vəzifəsinin başında qalacağını açıqlayıb. Lakin artıq birbaşa Renault prezidenti Jan-Dominik Sénara hesabat verir və bu da komanda daxilində idarəetmənin dəyişdiyini göstərir.

Ad dəyişikliyi və satış ehtimalı

Padokda yayılan şayiələrdən biri də komandanın adının yenidən “Renault” olaraq dəyişdirilməsi ehtimalıdır. Lakin Briatore bu fikrə real baxmadığını bildirib, çünki Alpine markası yaxın illərdə yeni yol avtomobilləri təqdim etməyə hazırlaşır və yarış komandası markanın reklamında vacib rol oynayır.

Komandanın satılması məsələsi də masadadır, lakin hələ ki real görünmür. Hazırda komandanın səhmlərinin 24 faizi ABŞ-lı sərmayə qrupu Otro Capital-a aiddir. Qalan hissənin alınması üçün ən azı 1 milyard dollar tələb olunur. Bununla belə Otmar Safnoyerin rəhbərlik etdiyi bir konsorsiumun adının alıcı kimi hallandığı qeyd edilir.

Menecer boşluğu və yeni rəhbər axtarışı

May ayında Oliver Ouksun komandadan ayrılmasından sonra rəhbər vəzifəsi hələ də boşdur. Hal-hazırda bu işi David Sançez və Deyv Grinvud müvəqqəti olaraq yerinə yetirir. Yeni rəhbər kimi isə Formula 1 və FIA-da böyük təcrübəyə sahib olan Stiv Nilsenin adı çəkilir.

Pilot heyətində dəyişikliklər gündəmdədir

Komandanın yeganə xal toplayan sürücüsü Pyer Qaslidir. Buna görə də Flavio Briatore hazırkı nəticədən razı deyil. İkinci pilot Cek Duhən altı yarış, Franko Kolapinto isə beş yarış keçirib. Lakin komanda daxilindən verilən məlumata görə Kolapinto Gasly ilə müqayisədə çox zəif performans göstərir.

Əgər Kolapinto tezliklə nəticələrini düzəltməsə, yerini itirə bilər. Alpine-in gənc sürücülər bazasında Pol Aron kimi sürücülər olsa da, Briatore təcrübəli sürücü istəyir. Bu səbəbdən ilk olaraq Mercedes-in ehtiyat pilotu və 246 yarışlıq təcrübəyə malik Valtteri Bottas gündəmə gətirilib.

Məqsəd: İki xal toplayan pilotla Alpine-i dirçəltmək

Alpine-in çempionatda sonuncu yerdə olması və Sauber ilə xal fərqinin 15-ə çatması, komandanı tezliklə tədbir görməyə məcbur edir. Briatorenin əsas hədəfi komandaya dərhal xal gətirə biləcək iki sürücüyə sahib olmaqdır.

Bu dəyişikliklərin Alpine-in gələcəyini necə formalaşdıracağı isə yaxın həftələrdə daha aydın olacaq.

Rauf Hacıyev

Şərh əlavə et