Yeni mərkəz yüksək səviyyəli avtoidman sahəsində ixtisaslaşmış mütəxəssislərin cəmləşdiyi və “Motorsport Valley” (Avtoidman Vadisi) kimi tanınan bölgədə yerləşir. 179 hektarlıq ərazini əhatə edən Bicester Mouşın 2026-cı ildə Formula 1 Dünya Çempionatına Audi markası adı altında qatılmağa hazırlaşan komandanın texniki inkişafına dəstək məqsədilə qurulub.
Mərkəzin əsas məqsədi komandanın texniki imkanlarını artırmaq, yüksək səviyyəli mühəndislik istedadlarını cəlb etmək və təchizat zəncirindəki tərəfdaşlarla əməkdaşlığı gücləndirməkdir. Bu texnoloji baza Audi F1 layihəsinin əsas bazası olan İsveçrənin Hinvill şəhərindəki baza ilə inteqrasiya olunmuş şəkildə çalışacaq və layihənin hər mərhələsində koordinasiyalı yanaşma təmin edəcək.
Audi F1 layihəsinin rəhbəri Mattia Binotto mərkəzin açılışı ilə bağlı belə açıqlama verib: “Bicester Mouşında yerləşən Sauber Motorsport Texnologiya Mərkəzinin açılması Audi-nin Formula 1-ə girişi öncəsində vacib bir addımdır. Bunun hesabına avtoidman vadisindəki istedad bazasına çıxışımız olacaq və texniki imkanlarımızı daha da gücləndirəcəyik. Hinvillə göstərəcəyi dəstək uzunmüddətli uğurumuz üçün həlledici olacaq.”
Bicester Mouşının rəhbəri Daniel Geoghegan isə fikirlərini belə bölüşüb: “Sauber Motorsport-u Bicester Mouşında qarşılamaqdan böyük məmnunluq duyuruq. Böyük Britaniya mərkəzli mühəndislik komandamızın Audi F1 layihəsinin bir parçasına çevrilməsi çox həyəcanvericidir. Bu addım avtoidmanda maksimum performansa çatmaq məqsədilə ortaya qoyulan vizyonun tərkib hissəsidir. Hinvill və Almaniyadakı əməliyyatlarla olan əlaqələr də bu uğura böyük töhfə verəcək”.
Sauber komandası Formula 1-də texnologiya və innovasiya sahəsində sərhədləri aşmaqda qərarlıdır. Yeni Bicester Texnologiya Mərkəzi komandanın gələcək planlarında vacib bir sərmayə kimi dəyərləndirilir və həm trasdaxili, həm də trasxarici mükəmməllik hədəfinin göstəricisi olaraq qiymətləndirilir.
Şərh əlavə et