Silverstoundakı yarış həftəsonunda güclü nəticə əldə etməyi hədəfləyən komanda, avtomobilin rəng çalarında dəyişikliklərə gedib. Yeni dizayn komandanın sponsorlarından olan HUGO BOSS və tanınmış britaniyalı rəssam Olaolu Sloun ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Yeni görünüş Londonda yerləşən Flannels X mağazasında təşkil olunan tədbirdə təqdim olunub. Təqdimatda Slounla yanaşı komandanın pilotları Liam Louson və Ayzek Hacar da iştirak edib.
Hər iki pilot Slounun dizaynını daşıyan xüsusi yarış kombinezonları ilə mübarizə. Eyni zamanda, komandanın texniki heyəti də xüsusi dizayna uyğun formalar geyinəcək.
Racing Bulls-un rəhbəri Peter Bayer əməkdaşlıq barədə bunları deyib: “Slounun sənəti Formula 1-də indiyədək gördüklərimizdən tamamilə fərqlidir. Məhz buna görə bu əməkdaşlıq bizim üçün doğru seçim idi.
HUGO və Sloun ilə qurduğumuz tərəfdaşlıq komandamızın cəsarətli və yaradıcı kimliyini əks etdirməyə imkan verdi.
Silverstoun mövsümün ən böyük mərhələlərindən biridir və azarkeşlərimizə tamamilə orijinal bir şey təqdim etməkdən qürur duyuruq”.
Sloun Nigeriyanın Yoruba mədəniyyətindən ilham alan qrafiti tərzi və Londonda küçə sənəti ilə bağlı fəaliyyəti ilə tanınır. O, bu ilin may ayında İngiltərə kuboku olan FA Cup-ın dizaynını da hazırlamışdı.
Rəssam əməkdaşlıq barədə belə deyib: “Sənət və sürət birləşdi, mən isə bu sintezə bir az dəlisovluq əlavə etdim. Bu viziona inandıqları üçün HUGO və VCARB-a sevgilərimi göndərirəm”.
Şərh əlavə et