Xəbəri Kokpitdə Oxuyun!

M.Həsənov Legend Car-da qələbə hədəfləyir

Bizi bu həftəsonu Bakı Sürət Festivalı gözləyir. Biz bu festivalda həm drift, həm avtomobil sərgisi, həm də Us Legend Car maşınlarının yarışlarını görəcəyik. 

Orada yarışanlardan biri də Murad Həsənovdur. O, keçən il Legend Car yarışında ikinci yeri tutmuşdu. Bu il isə bir hədəfi var – qələbə! İndi isə Muradı daha yaxından tanıyaq.

  • Rauf Hacıyev: Özünü təqdim et

Murad Həsənov: Murad Həsənov Novruz oğlu, 1992-ci il Fevralın 20-si Bakıda şəhərində anadan olmuşam. 8 nömrəli orta məktəbi bitirmişəm. Ali təhsilim iqtisad universiteti maliyə kredit fakültəsində olub.

  • RH: Necə oldu yarışmağa başladın?

MH: Ümumiyyətlə uşaqlıqdan texnikaya marağım olub, Həmişə istənilən texniki vasitəyə maraq göstərmişəm (avtomobil, motosiklet, yük maşını və s.). Təbii ki, avtoidmana marağı olan hər kəs bu sahəyə kartinqlə başlayır. Hər şeyin təməli elə kartingdən başladı. Kartı sürərkən keçirdiyim hisslər elə uşaqlıq vaxtınnan bu sahədə bacarıq və biliyimi artirmağa daha çox maraq yaratdı.

  • RH: ⁠Ən böyük uğurun nə olub avtoidmanda?

MH:  Ən böyük uğurum dedikdə çətinlik çəkərəm. Çox sayda yarışlarda iştirak etmək nəsib olmayıb. Ən böyük uğurum kimi düşündüyüm məqam, 2016-cı ilin V1 yarışında iştirak edərkən, həmin yarışı çətinliklə bitirib nəticə göstərmək olmuşdu.

  • RH: Ölkədən kənarda hansısa testdə və ya yarışda iştirak etmisən?

MH: Ölkədənkənarda yalnız avtoidmanla bağlı idman avtomobilləri kurslarında olmuşam. Bəzi traslarda test sürüşlərində iştirak etmişəm. Əsasən Belçikadakı Spa-Frankorçamps trasında RACB experience və Almaniyadakı yaşıl cəhənnəm adlandırılan Nürburgring Nordşlayfda Formula 4 məşqləri və BMW M kurslarında praktiki və nəzəri məşğələlər keçdikdən sonra avtoidman mədəniyyəti, qayda qanunları və s. haqqında daha geniş informasiyaya sahib oldum.

  • RH: Formula 4 testləri barədə nə deyə bilərsən?

MH: F4 testlərində tam nəzəri və praktiki təlimlər keçirilir və ardınca daxili yarışma təşkil edilir. Həmin yarışda 1-ci yerin qalibi və həmin gün trasda ayın rekordunu təzələməy qismət olmuşdu.

Bu testlərdən sonra istənilən yarış trasında icarəyə verilən idman avtomobillərini sorğu-sual olunmadan icarəyə götürə bilmək imkanı yaranır. Həmin kursdan sonra imkan daxilində bizə məsafəsi yaxın olan Gürcüstanın Rustavi şəhərində yerləşən Rustavi İnternational Motorparkda bir neçə yarış avtomobillərini praktika üçün icarəyə götürüb məşq edirəm, həmin avtomobillər arasında həm Formula tipli açıq təkər, həmdə Legend Car tipli digər yarış avtomobilləri ilə test sürüşləri edirəm.

  • RH: Nurburqrinqdəki ən yaxşı nəticən?

MH: Nurburgringdə ən yaxşı nəticəm BMW M4 ilə 8 dəyqənin biraz üzərində olmuşdu.

  • RH: Niyə daha böyük seriayalarda yarışmaq üçün cəhdlər etmədin?

MH: Daha böyük seriyalarda iştirak etmək və ölkəmizi təmsil etmək inşallah qismət olar. Təbii ki, ola bildiyincə yüksək seriyalara kimi qalxa bilmək hər bir pilotun arzusudur və buna cəhd etməyə çalışır.

  • RH: Avtoidmana marağın var?

MH: Avto idmana çox marağım var. Daha ətraflı maraqlandığım bacarıqlı pilotların sürüş tərzini analiz etməkdir. İstər F1, istər MotoGP və digərləri. Əsasən mütəmadi izlədiyim F1 yarışıdır.

Yarış dünyasında pilotların komandanın bir hissəsi olduğunu, nəticəyə 20-25% təsir edə bildiyini və birazda marketingin rol oynadığını həmişə nəzərə alıram deyə hər bir dövrün özünə görə öndə gedən pilotu olur. Onların arasında elə pilotlar olur ki, zəif komandalarda iştirak etməklərinə baxmayaraq çox maraqlı yarış göstərə bilirlər.
Ən çox maraq göstərdiyim, nümunə götürdüyüm fərqli dövrlərdən bir neçə pilot adı çəkə bilərəm:

Cim Klark
Nikki Lauda
Ayrton Senna
Mixael Şumaxer
Mika Hakkinen
Kimi Rəykkönen
Sebastyan Fettel

2025-ci il mövsümünə  gəldikdə isə – Mclarenin üstün olduğu test sürüşləri başlayanda Oskar Piastrinin, komanda yoldaşı Lando Norrisdən daha yaxşı nəticə göstərə biləcəyini ön görmüşdüm.

Son olaraq Maks Ferstappen və Daniel Rikkaardo cütlüyünə baxmaq çox maraqlı idi. Ferstappen çox güclü pilotdur və bunu nəticə ilə göstərir. Red Bull-un bolidini onun qədər maksimal nəticə ilə idarə edə bilmək çox böyük qabiliyyət tələb edir. Red Bull-un ikinci bolidi isə zarafatyana desək, Rikkardo üçün darıxır. Hələki Rikkardo komandanı tərk edənnən sonra onun qədər Ferstappenə yaxın nəticə göstərə biləcək pilot görmədim.

  • RH: Gənclərə tövsiyən?

MH: Gənclərə tövsiyəm o ola bilər ki, maraq göstərdiyiniz hansı sahə olursa-olsun, hər bir halda birinci addım təbii ki, düzgün təlim və intizamdan başlayır. Yəni misal üçün motosiklet sürmək marağında olan insan az deyil və motosiklet sürməyə başlayanların əksəriyyəti velosiped üstündə dura bilirsə, elə bilir ki “motosiklet bir az çətin olar tez öyrəşərəm”.. ama bu elə ən böyük tələdir. Statistikaya görə qəzaların demək olar ki 90 faizi sırf sürücünün xamlığı, səhvləri ucbatından yaranır. Qəzaları isə bir neçə qrupa bölürük –  yüngül, orta, ağır. Əgər insan düzgün təlim keçibsə, həmin qəza anlarında vəziyəti daha tez analiz edə bilmək və maksimal dərəcədə yüngül xəsarətlə çıxa bilmək qabiliyyətinə malik olur. Başına gələn hər bir yol hadisəsi və çətin anlarda belə vəziyyətdən çıxma bacarığı qat qat yüksək olur. Hadisənin ağırlığını da minimizə edir və ya tam qarşısını ala bilir.

  • RH: Gələcək planların nədir?

MH:  Gələcək üçün avtoidmanla bağlı planım ola bildiyincə daha çox yarışlarda və tədbirlərdə iştirak etmək,  avtoidmanın ölkəmizdə inkişafına dəstək ola bilmək mənim üçün böyük qürur və həvəsdir.

  • RH: Həftəsonu Baku Speed Festival keçiriləcək. Keçən il həmin festivalda Legend Car maşınları ilə ikinci oldun. Bu il qatılacaqsan? Hədəfin nədir?

MH: Bəli inşallah qatılacam. Hədəfim yenə mütləq ki, podium və təbii ki, 1-ci yerin sahibi olmaqdır.

Rauf Hacıyev

Şərh əlavə et