Xəbəri Kokpitdə Oxuyun!

L.Louson: Əla nəticə oldu

Racing Bulls komandasının sürücüsü Liam Louson Avstriyada aldığı nəticədən razıdır.

Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü yarışı başladığı yerdə – altıncı başa vurub. Bununla da o, Formula 1 karyerasındakı ən yaxşı nəticəsini əldə edib.

O, həm də Red Bull Rinq trasındakı builki yarışda ən yaxşı nəticə qazanan Red Bull sürücüsü olub.

Liam Louson: “Bu, olduqca çətin bir il oldu. Mövsüm boyunca böyük potensial var idi, lakin nəticələr gəlmirdi.

Keçən il bir neçə yarışa qatıldım və əksəriyyəti yaxşı keçmişdi. Bəzən əlinizdə sürət və inam olur, amma nəticə gəlmir. Bu mövsüm bir qədər elə hiss etdirdi. Ona görə də nəhayət belə bir nəticə əldə etmək möhtəşəmdir. Amma indi bu sabitliyi davam etdirməliyik”.

Bu nəticə ilə Louson son 49 ildə Formula 1-də ən yüksək nəticə göstərən yeni zelandiyalı pilot olub. Bu məlumatı eşidən Louson təəccübünü gizlədə bilməyib:
“Doğrudanmı? Bu, əladır. Yeni Zelandiya üçün də gözəl xəbərdir. F1-ə gələn bir neçə yeni zelandiyalı var və ümid edirəm ki, gələcəkdə sayımız daha da artar”.

Yarışın ilk dövrəsində Mak Ferstappenlə Andrea Kimi Antonelli arasında baş verən qəza zamanı Louson da insidentə çox yaxın idi. Gənc pilot bu vəziyyətdən bəxt hesabına xilas olduğunu belə izah edib: “Sözün açığı, mən də təmas aldığımı zənn etdim. Zərər görmüş ola biləcəyimizi düşündüm, amma maşında heç bir problem çıxmadı. Doğrudan da çox şanslı idik”.

Rauf Hacıyev

Şərh əlavə et