Əfsanələrin mübarizə apardığı US Legend Cars yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Caspian Event Organisers və Bakı Şəhər Halqasının həmtəşkilatçılığı ilə Dövlət Bayraq Meydanında keçiriləcək. Burada yarışdan əlavə drift şou, avtomobil sərgisi, sərgidəki maşınların test sürüşləribaş tutacaq. Tədbir saat 10:00-da başlayacaq və 17:00-da başa çatacaq. Azarkeşlər bilet alaraq, bu meydan oxumanı daha yaxından izləməyə gələ bilərlər. Biletlər isə İticket.az saytında satılır. Bəs Legend Car nədir?
Legend Car nədir?
Bu seriya ilk dəfə 1992-ci ildə təşkil edilib. Legend Car maşınları klassik avtomobillərin miniatür formasıdır və Yamaha-nın motosiklet motorları ilə təchiz olunublar. Maşınlar mexaniki ötürmələr qutusu ilə işləyirlər. Ümumilikdə isə bu maşınların texniki göstəriciləri bir-birlərinə çox yaxındırlar. Yəni ki, bu yarışın taleyini sürücünün istedadı həll edir.
Legend Car-ın təməli 1992-ci ildə ABŞ-da qoyulub. Bu seriya ABŞ-dan sonra Dünyanın müxtəlif yerlərinə – Böyük Britaniyada, Şimali Avropada, Qərbi Avropada, Avstraliyada, Gürcüstanda, Meksikada və nəhayət keçən il ilk dəfə Azərbaycanda təşkil edilib. Bu, azarkeşlərin marağına səbəb olub.
Azərbaycanda keçirilən ilk Legend Car yarışı
Azərbaycanda ilk Legend Car yarışı keçən ilin may ayında Test və Təlim Mərkəzində baş tutmuşdu. O yarışı Elçin Həsənov qazanmışdı. İkinci yeri Murad Həsənov, üçüncü yeri isə Gülhüseyn Abdullayev tutmuşdu.
Maşınların texniki parametrləri
Maşınların təkər bazası 1854 millimetr, ümumi genişliyi 1524 millimetr, ümumi uzunluq 3200 millimetr, boyu 1168 millimetrdir. Motorların həcmi 1200 və ya 1250 cc olur. Maşının çəkisi sürücü ilə birlikdə 590 kiloqramdır və 140 at gücü qüvvəsindədir. Maşının maksimum sürəti isə 200 kilometr/saatdır.
Şərh əlavə et