Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Norris bizi vaxtında keçdi

Aston Martin komandasının sürücüsü Fernando Alonso Avstriya Qran Prisində yeddinci yeri tutduqdan sonra verdiyi açıqlamalarda yarış boyu etdiyi taktiki gedişlərə və aldığı “şanslı” dəstəyə diqqət çəkib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa 11-ci yerdən başlasa da, finişə 6-cı yerdə çatıb. O, yarış ərzində Lima Lousonun DRS zonasında gedib. Yarışın sonlarında isə Qabriel Bortoletonun hücumlarına məruz qalıb. Lakin Lando Norris yarışın son dövrəsində həm Bortoletonu, həm də Alonsonu dövrəvi keçərək, özü də bilmədən ispaniyalı sürücüyə yerini qorumasında kömək edib.

Fernando Alonso yarış ərzində Liam Lousonun arxasında qalaraq DRS istifadə etdiyini və bunun Qabriel Bortoletoya qarşı mövqeyini qorumaqda həlledici rol oynadığını bildirib: “İlk növbədə Liama təşəkkür etməliyəm. Yarışın üçüncü dövrəsində DRS əldə etdim və son dövrədə belə üstünlük hələ də məndə idi.
Gabi məndən daha sürətli idi, amma şanslı idim – Lando tam doğru anda bizi dövrəvi olaraq keçdi. Ondan sonrakı dövrədə isə yarış başa çatdı”.

İkiqat Dünya Çempionu yarışın son hissəsində Bortoletonun keçməsinin qarşısını almaq üçün psixoloji gedişlər etdiyini də bildirib: “Landonu keçmək istəmirdim, amma arxasında da qala bilməzdim – əks halda Qabi məni keçərdi. Ona görə bir neçə fərqli hərəkət etdim ki, Qabi nə edəcəyimi təxmin edə bilməsin. Bu da işə yaradı”.

Alonso, Qabriel Bortoletonun Formula 1-də ilk xallarını qazanmasını “çox xüsusi” bir an kimi dəyərləndirib və gənc sürücüyə tərif dolu sözlər deyib: “Bu il çox gözəl çıxışlar edir, xüsusilə də bu həftəsonu əla idi. Amma nədənsə xallar həmişə Hülkenberqə gedirdi. Bu hal Qabi üçün bir az ədalətsizlik kimi hiss oluna bilərdi. Amma artıq bu səddi keçdi. Ümid edirəm ki, onun F1-dəki xallarının ardı gələcək”.

Yarış tempi baxımından Aston Martin üçün həftəsonunun çətin keçdiyini qeyd edən Alonso bildirib ki, Red Bull və Mercedes-dən iki pilotun yarışdan çıxmasını düzgün dəyərləndiriblər: “Çətin bir həftəsonu idi, amma iki böyük komandanın pilotu yarışdan kənarda qaldı. Bu cür nadir imkanları dəyərləndirmək çox vacibdir. Ona görə nəticədən razıyam”.

Rauf Hacıyev

Şərh əlavə et