Xəbəri Kokpitdə Oxuyun!

Avstriya Qran Prisi 2041-ci ilə qədər təqvimdə qalacaq

Formula 1 Avstriya Qran-Prisi ilə bağlı uzunmüddətli müqavilə imzalayıb. Beləliklə Red Bull Rinq trası 2041-ci ilə qədər Formula 1 təqvimində yer almağa davam edəcək.

Kokpit.az bildirir ki, Formula 1 tarixində zəngin ənənəyə sahib olan Avstriya Qran-Prisi ilk dəfə 1964-cü ildə keçirilib və bu günə qədər 37 dəfə yarışları qəbul edib.

Ştiriya dağlarında yerləşən, 4.3 km uzunluğundakı Red Bull Rinq trası həmişə maraqlı yarışlara ev sahibliyi edib.

Formula 1-in baş icraçı direktoru Stefano Domenikali müqavilənin uzadılması barədə bunları deyib: “Avstriya Qran Prisi Formula 1 üçün uzun illərdir xüsusi bir yarış olub. Bu qədər zəngin tarixə sahib olan bir Qran-Prinin gələcəyini təmin etmiş olmaq bizim üçün çox önəmlidir.

Dietrix Mateşiçin genişgörüşlülüyü və ehtirası bu yarışın F1 təqviminə qayıtmasını təmin etmişdi.

Hər il Ştiriya dağlarına dönmək həm sürücülər, həm komandalar, həm də azarkeşlər üçün özünəməxsus atmosfer yaradır.

Mark Mateşiç, Tomas Überall və komandalarına mükəmməl iş gördükləri üçün təşəkkür edirəm. Bundan başqa coşqu və sədaqətləri ilə bu əfsanəvi yarışı yüksəklərə daşıyan avstriyalı azarkeşlərimizə minnətdarlığımı bildirirəm”.

Mark Mateşiç isə açıqlamasında bunları söyləyib: “Formula 1 yarışlarının Red Bull Ring-də uzun illər davam edəcəyini bilmək bizi çox sevindirir.

Atamın mirasını yaşatmaq və Ştiriyada avtoidmanın zəngin tarixini qorumaq bizim üçün qürurvericidir.

Avstriyanın Formula 1 ilə sıx bağlılığı bu uzunmüddətli tərəfdaşlıq üçün mükəmməl şərait yaradır. Bu uğur hekayəsini uzun davam etdirmək istəyirik”.

Red Bull Ring-in baş direktoru Tomas Überall isə bunları deyib: “Formula 1-in bizə verdiyi bu uzunmüddətli öhdəlik böyük bir şərəfdir. Azarkeşlər və Murtal bölgəsi adından bu məsuliyyəti daşımaqdan məmnunuq.

Yeni müqavilə gələcək üçün çox önəmlidir. Avstriya Qran Prisinin uzunmüddətli sabitliyi infrastruktur yatırımlarını stimullaşdıracaq və Murtal, Ştiriya və ümumilikdə Avstriya üçün böyük əlavə dəyər yaradacaq”.

Rauf Hacıyev

Şərh əlavə et