Kokpit.az xatırladır ki, Red Bull komandasının sürücüsü Avstriya Qran Prisinə 18-ci yerdən başlayacaq. Bu nəticə Red Bull RB2-in dar sazlama aralığında işləməsinin çətinliyini bir daha üzə çıxarır.
Yuki Tsunoda ilk cəhdində ümidverici performans göstərsə də, ikinci cəhdində maşının balansının tamamilə dəyişdiyini bildirib və narazılığını gizlətməyib: “İkinci cəhdimdə sazlanmalara uyğunlaşa bilmədim. İlk cəhdim yaxşı idi, amma ikinci dövrədə maşının balansı tamam başqa cür oldu. Bu məni doğrudan da təəccübləndirdi”.
Yuki Tsunoda “Problem konkret olaraq harada yaşandı?” sualına isə sadə və açıq formada cavab verib: “Hər yerdə”.
Mövsümün əvvəlində Racing Bulls ilə göstərdiyi uğurlu çıxışdan sonra Red Bull komandasına keçən Tsunoda, RB21 maşınının həssaslığına hələ tam uyğunlaşa bilməyib. Elə Maks Ferstappen belə bu həftəsonu çətinlik çəkib və sonda 7-ci yeri tuta bilib. Bu da yaponiyalı pilot üçün vəziyyəti daha da çətinləşdirir.
Yuki Tsunoda hələ də bolidə uyğunlaşma mərhələsində olduğunu etiraf edib: “Bu gün üçüncü sessiyaya keçəcəyimi gözləyirdim. Maşın yaxşı hiss etdirirdi. İlk dövrədə də performans pis deyildi.
Həqiqətən də 18-ci və ya 19-cu yerlərdən başlamaqdan yorulmuşam… Hər nəysə…
Bu qədər dar sazlama aralığı olan maşında mümkün qədər stabil olmaq lazımdır. Maks belə bu problemləri yaşadığını deyir, amma o, bu maşına yaxşı bələddir. Mən isə hələ də uyğunlaşma mərhələsindəyəm”.
Şərh əlavə et