Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Car Park Drift Azərbaycanın qalibi Pərviz Əzizovdur!

Red Bull Car Park Drift 2025 yarışı geridə qalıb. Ölkəmizdə dördüncü dəfə keçirilən bu yarışda qalib Pərviz Əzizov olub.

Kokpit.az xatırladır ki, Pərviz Əzizov daha əvvəl keçirilmiş 3 Red Bull Car Park Drift yarışında da podiuma yüksəlmişdi. O, 1 dəfə ikinci, iki dəfə isə üçüncü yeri tutmuşdu. Lakin o, nəhayət ki, xoşbəxt sonluğa çatıb və ölkəmizdə dördüncüsü keçirilən bu mötəbər drift yarışının qalibi olub.

Ümumilikdə isə yerli drifterlər sürət, texnika və vizual şou ilə dolu trasda bacarıqlarını nümayiş etdiriblər. Onlar “B
ox”, “spiral”, “gate” və digər xüsusi maneələri keçərək maksimum 400 xal toplamağa çalışıblar.

Yarışda 17 sürücü iştirak edib. Onlardan 8-i ikinci tura çıxıb. Finala isə dörd sürücü qalıb. Yekunda Pərviz Əzizov birinci yeri tutaraq, ölkəmizdə keçirilən dördüncü Red Bull Car Park Drift yarışında üçüncü fərqli qalib olub. İkinci yeri bu yarışı daha əvvəl iki dəfə qazanmış Niyaz Bədiyev tutub. Podiumu isə Elçin Məmmədov tamamlayıb. Fərid Quliyev isə dördüncü yerlə razılaşıb.

Beləliklə Pərviz Əzizov Azərbaycanı gələn il Dünya Finalında təmsil edəcək. Ona Kokpit.az saytı adından uğurlar arzu edirik.

Tədbir Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və CBC Sportun dəstəyi ilə həyata keçirildi.

Bu il yarışma dünya səviyyəli şou proqramla da yadda qaldı: dünyaca məşhur drift ustası Abdo Feghali və Avropanın tanınmış stunt motosikletçilərindən biri – Aras Gibieža ilk dəfə ölkəmizdə eyni arenada çıxış etdilər. Onların performansı zamanı Milli Rəqs Qrupu da şouya qoşularaq avtomobil, moto və rəqsin sintezindən ibarət, unikal və bir ilk olan çıxış nümayiş etdirdi.

Tədbir izləyicilərin böyük marağı ilə keçdi – tribunalar dolu, alqışlar fasiləsiz idi. 28 iyun 2025 tarixində Bakı bir daha drift mərkəzinə çevrildi!

Rauf Hacıyev

Şərh əlavə et