Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Antonelli Silverstounda 3 yer itirəcək

Mercedes komandasının sürücüsü Kimi Antonelli Avstriya Qran Prisində Maks Ferstappenlə insident yaşadığı üçün cərimələnib.

Kokpit.az bildirir ki, italyan sürücü Britaniya yarışının startında 3 yer itirəcək.

Xatırladaq ki, yarışın ilk dövrəsinin üçüncü döngəsinə girərkən Kimi arxa təkərlərini bloklayıb və Maks Ferstappenə çırpılıb. İnsidentə görə iki sürücü də mübarizəni dayandırıb.

Stüardlar yarışdan sonra insidenti araşdırıblar və səhvin tamamilə Kimi Antonellidə olduğuna qərar veriblər. Buna görə də debütant sürücü növbəti Silverstoun yarışının startında 3 yer itirəcək. Bundan başqa Kiminin lisenziyasına iki cərimə balı yazılıb.

Stüardlar bu barədə belə bəyanat yayıblar: “Stüardlar 12 nömrəli (Kimi Antonelli) maşının sürücüsünü və komandanın təmsilçisini dinlədi. Video yazıları təhlil etdi. 12 nömrəli maşın üçüncü döngəyə girərkən arxa təkərlərini blokladı və 1 nömrəli maşına çırpıldı.

Sürücü dedi ki, əyləc nöqtəsini dəyişməyib, amma arxa təkərlə bloklanıb. Önündəki 30 nömrəli maşına çırpılmamaq üçün qısa müddətlik də olsa əyləcləri buraxdığını dedi.

Sürücü trasın daha az ilişməli trayektoriyasında olduğu üçün o, 1 nömrəli maşına çırpılmaqdan qurtula bilmədi. Stüardlar burada bütün günahı 12 nömrəli maşında görürlər.

Buna görə də ilk dövrə insidentlərə tətbiq olunan yumşaldıcı cəzalar bu halda keçərli deyil. Ancaq stüardlar insidentin bilərək yox, qəzadan qaçarkən olduğunu diqqətə alıblar.

Sürücü yarışı tamamlaya bilmədiyi üçün növbəti yarışda ona startda 3 yer itirmək cəzası verilir”.

Rauf Hacıyev

Şərh əlavə et