Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Maşın zədələndi

Williams komandasının sürücüsü Karlos Sayns Avstriya Qran Prisinin sıralanma turunda FW47-də baş verən zədənin onu mübarizədən vaxtından əvvəl uzaqlaşdırdığını təsdiqləyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bazargünkü yarışa 19-cu yerdən start alacaq.

Sıralama turundan sonra 31 yaşlı sürücü radio vasitəsilə belə bir açıqlama verib: “Maşında zədə var. Bu maşınla yarışmaq mümkün deyil. Əyləcləmə zamanı sağa-sola dartılır, yüksək sürətli döngələrdə asfaltayatma qüvvəsi yoxdur”.

O, boksa qayıtdıqdan sonra mexaniklər maşını yoxlayıblar və alt hissəsində zədə aşkar ediblər.

Karlos Sayns: “Bolidin alt hissəsində zədə olduğunu dedilər. Dəqiq harasında olduğunu bilmirəm, çünki mən trasdan kənara çıxmamışdım. Amma görünür, hansısa detal qopub, çünki maşında ciddi aerodinamik qüvvə itkisi hiss olunurdu. Sıralanma turunun lap əvvəlindən əyləc problemi vardı. Maşın əyləcləmə zamanı kəskin şəkildə bir tərəfə dartırdı. Bu trasda üç əsas əyləcləmə nöqtəsi var və bu cür problemlə orada ciddi çətinlik yaşayırsınız.

Alt hissədəki zədə əvvəlcə çox hiss olunmurdu, amma son dövrələrdə artıq açıq-aşkar hiss olunmağa başladı. Bolidüstü görüntülərdə də bu aydın görünür.

Üçüncü sərbəst yürüşdən sonra əyləc sistemini dəyişdirdik – adətən etdiyimiz bir prosedurdur. Yeni hesab etdiyimiz dəsti taxdıq, amma görünür, nəsə qaydasında deyildi. Hər əyləcləmədə maşın sağa-sola dartırdı. Bu məsələni detallı şəkildə araşdırmalıyıq”.

Komanda yoldaşı Aleks Elbonun ikinci sessiyaya keçməsi və həftəsonu ərzində temp baxımından bir-birlərinə yaxın olmaları Sayns üçün əlavə məyusluq yaradıb: “Elbon-un yerinə baxsaq, həftəsonu boyunca tempimiz çox bənzər idi. İkinci sessiyaya keçmək tamamilə mümkün idi. Üçüncü sessiya bir qədər çətin olardı, çünki Soft təkərlərlə işləməkdə daim çətinlik çəkirik. Amma ikinci sessiyaya rahatlıqla keçmək olardı. Hətta ikindi sessiyada ön sıralarda ola bilərdik.

Cümə günündən bəri yarış tempimiz orta qrup səviyyəsindədir. Amma nədənsə Soft təkərlərlə davamlı olaraq çətinlik yaşayırıq”.

Rauf Hacıyev

Şərh əlavə et