Xəbəri Kokpitdə Oxuyun!

Avstriya F3: Çolov üçüncü qələbəsini qazanıb

Nikola Çolov Avstriyada keçirilən Formula 3 yarışında qalib gəlib və mövsümdə üçüncü qələbəsini qazanıb.

Şpilberqdə səhər günəşli hava ilə başlayıb. Start zamanı havanın temperaturu 20 dərəcə, asfaltın temperaturu isə 29 dərəcə olub. Pouldan başlayan Çolov liderliyini qoruyub, Bred Benavides ikinci yerdə qalıb. Noy Stromsted isə üçüncü yerdəki mövqeyini itirməyib. Tasanapol İntrafuvasak zəif start alıb və 5-ci yerdən 16-cı yerə geriləyib. Çempionat lideri Rafael Kamara isə 5-ci yerə yüksəlib.

Çolov artıq ikinci dövrənin sonunda 2 saniyəlik fərq yaradıb. 3-cü dövrədə Stromsted və Uqo Uqoçukvu Benavidesi keçib, ardından Kamara və Vozen də onu arxada qoyub. Benavides nəticədə ilk onluqdan aşağı düşüb.

5-ci dövrədə Stromsted özü 5-ci yerə geriləyib. Kamara ən sürətli dövrəni vurub və 7-ci dövrədə Uqoçukvuya hücum edib və 4-cü döngədə onu keçərək ikinci yerə yüksəlib və Çolovu təqib etməyə başlayıb.

8-ci dövrədə Stromsted Uqoçukvunu geri keçərək 3-cü yeri bərpa edib. 12-ci dövrədə Brando Badoer zədələnmiş arxa asılqan ilə pitə gəlib.

14-cü dövrədə Martinius Stenshorn ardıcıl olaraq Uqoçukvu və Stromstedi keçərək 3-cü yerə yüksəlib. O anadək Çolovun Kamara üzərində üstünlüyü 3.5 saniyəyə çatmışdı.

18-ci dövrədə Stenshorn Kamaraya yaxınlaşıb və növbəti dövrədə onu keçib. Kamara riskə getməyərək rəqibinə müqavimət göstərməyib.

24-cü dövrədə Kamara Tim Tramnitzi də buraxaraq 4-cü yerə geriləyib. Onun təkərləri artıq effektivliyini itirmişdi. Son dövrədə o, daha iki mövqe itirərək 6-cı yerdə finişə çatıb.

Nikola Çolov mövsümdəki 3-cü qələbəsini qazanıb və şəxsi hesabda Kamaraya olan fərqi 1 xala qədər azaldıb. Martinius Stenshorn ikinci, Tim Tramnitz isə üçüncü olublar.

Formula 3 üzrə mövsümünün yeddinci mərhələsi gələn həftə Silverstounda keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et