Keçən il Lyuis Həmiltonun 2025-ci ildə Ferrari-yə keçəcəyi açıqlanandan sonra Mercedes-in diqqəti Maks Ferstappenə yönəlmişdi. Lakin son zamanlar bu marağın soyuduğu düşünülürdü.
Bununla belə, Sky Sports F1-ə müsahibə verən Corc Rassell bildirmişdi ki, onunla müqavilə yenilənməməsinin səbəbi Mercedes-in Ferstappenin qərarını gözləməsidir.
Bu iddialara münasibət bildirən Toto Volf sürücüsü Rassellin sözlərini təkzib etməyib və komanda daxilində hər zaman şəffaf olduqlarını vurğulayıb: “Gələcəkdə nələrin baş verəcəyini araşdırmaq məcburiyyətindəsiniz”.
Ferstappenin Red Bull ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Lakin müqavilədə müəyyən şərtlər daxilində daha erkən ayrılmağa imkan verən maddələrin olduğu məlumdur.
Volff bildirib ki, Ferstappen ilə əlaqə saxlayıblar, lakin bu proses bağlı qapılar arxasında baş verir:
“Bu proses “Nə vaxt gəlmək istəyirsən? Şərtlərin nədir?” kimi deyil. Daha çox qarşılıqlı etimada əsaslanan, açıq söhbətlər şəklində gedir. Komandamızda iki dəyərli pilot var və onların gələcəkdə böyük uğurlar qazanacağına inanıram”.
Ferstappen və Rassell son bir ildə həm trasda, həm də trasdan kənarda bir neçə dəfə mübarizə aparıblar. Onların arasında xüsusilə Barselona və keçən mövsümün Əbu-Dabi Qran Prisində ciddi mübahisələr yaşanmışdı.
Lakin Toto Volf buna baxmayaraq, bu iki pilotu eyni komandada görməkdən çəkinmədiyini deyib:
“Rosberq və Həmilton kimi çempionluq uğrunda yarışan iki sürücünü idarə etmişəm. Bundan sonra gələcək heç bir şey məni qorxutmur”.
Ferstappen və Rassellin komanda yoldaşı olmasının həm üstünlükləri, həm də çatışmazlıqları ola biləcəyini deyən Volf, bəzi hallarda bu yanaşmanın uğurlu olduğunu, bəzilərində isə problemlərə yol açdığını qeyd edib.
Mətbuat konfransından sonra sözlərinə davam edən Toto Volff, Ferstappenin Mercedes-ə keçmə ehtimalının bir qədər aşağı olduğunu, Corc Rassellin isə 2026-cı ildə komandada qalma ehtimalının daha yüksək göründüyünü deyib: “Maks ilə imzalamaq üzrə olduğumuz bir müüavilə yoxdur. Bu, hazırda olduqca uzaq görünür”.
O, həmçinin Rassell ilə müqavilə danışıqlarında gecikmə olmadığını vurğulayıb: “Danışıqlar planlaşdırdığımız təqvimə uyğun şəkildə davam edir. Aramızda uzun illərə dayanan bir inam var”.
Sonda Volff bildirib ki, Mercedes Formula 1-dəki ən güclü brendlərdən biridir və onların dördqat dünya çempionu olan bir pilotla maraqlanmaları tamamilə təbiidir.
Şərh əlavə et