Yeddiqat Dünya Çempionu bu mövsümün əvvəlində Mercedes-dən Ferrari-yə transfer olunub, amma yeni komandasına hələ də öyrəşə bilməyib.
O indiyə qədər yalnız Çindəki sprint yarışında poul və qələbə qazanıb. Mayamidəki sprint yarışında da podiuma çıxmağı bacarıb.
Həmiltonun Ferrari-də çətinlik çəkməsinin onu təəccübləndirib-təəccübləndirmədiyi sualına Ceyms Voulz cümə axşamı keçirilən mətbuat konfransında belə cavab verib: “Xeyr, təəccüblənmədim.
Lyuis müəyyən şeyləri avtomobildə hiss etməlidir. Maşının ona inam verməsi vacibdir. Həmin inam formalaşdıqda, o üstünə qoyaraq çox daha güclü performans göstərə bilir.
Hazırda o inamı tam olaraq qura bilmədiyini görmək olur. Amma onun yenidən əvvəlki sürətinə çatacağından qətiyyən şübhə etmirəm. Onsuz da bəzən o inamı hiss etdikdə, Şarl Leklerlə aralarında demək olar ki, fərq qalmır.
Mayami bunun yaxşı nümunəsidir. Orada Şarlı ciddi şəkildə çətin vəziyyətə saldı, hətta ondan öndə idi. Sadəcə bu performansı hələlik hər həftəsonuna yaymağı bacarmır”.
Voulz əlavə edib ki, belə uyğunlaşma prosesi avtomobilini dəyişən hər bir sürücü üçün keçərlidir: “Karlos Sayns və ya başqa bir komandaya keçən hər kəs üçün eyni vəziyyət keçərlidir.
Bu maşınlara öyrəşmək çox şey tələb edir. Öyrənilməsi lazım olan çoxlu detallı məqamlar var. Amma hər şey mümkündür — əsas məsələ tam uyğunlaşmaqdır”.
Şərh əlavə et