Kokpit.az xatırladır ki, britaniyalı sürücü Kanada yarışında qələbə qazanaraq, Mercedes komandasının fanatlarını ümidləndirib. “Gümüşü oxlar” İmola, Barselona və Monreala gətirdikləri yeniliklərlə performans artımını açıq şəkildə ortaya qoydu.
Lakin Rassell düşünür ki, bu yüksəlişin davamlı olması hələ də üç əsas faktordan asılıdır: trasın quruluşu, asfaltın tipi və havanın temperaturu.
Corc Rassell Kanadadakı performansın müsbət sürpriz olduğunu desə də, Red Bull Rinq üçün daha ehtiyatlı danışıb: “Keçən il Las Veqasda bu üç amil də bizim xeyrimizə idi. Monrealda bunlardan ikisi uyğun gəldi, amma temperatur xeyli yüksək idi.
Red Bull Rinqdə isə çoxsaylı sürətli döngələr var, asfalt köhnədir və hava da kifayət qədər isti olacaq. Bu şərtlər işimizi çətinləşdirə bilər”.
Mercedes-in komanda rəhbəri Toto Volff isə bu barədə belə danışıb: “Nəyin nə zaman işləyəcəyini, nə vaxt bizi çətinliyə salacağını bilsəydik, bu problemi çoxdan həll etmiş olardıq”.
Komandanın gənc sürücüsü Andrea Kimi Antonelli isə Monrealda qazandığı üçüncülük sayəsində özünə olan onamı yenidən bərpa edib. Mövsümün ilk hissəsində potensialını tam şəkildə ortaya qoya bilməyən gənc sürücü, artıq daha çox risk almağa hazır olduğunu deyir: “Artıq maşına çox daha rahat yanaşıram. Xüsusilə Montsadakı qəzadan sonra bir qədər ehtiyatlı idim, amma indi bunu arxada qoymağa başlayıram”.
Avstriya Qran Prisi Mercedes üçün həm son yenilikkərin əsl təsirini görmək, həm də Rassell və Antonellinin maşına uyğunlaşmalarını qiymətləndirmək baxımından önəmli bir sınaq olacaq.
Şərh əlavə et