Xəbəri Kokpitdə Oxuyun!

Avstriya F2: Xaotik yarışda Pepe Marti ikinci qələbəsini qazanıb

Formula 2 üzrə Avstriya Qran Prisinin sprint yarışında birinci yeri Cosef Maria Marti tutub.

Kokpit.az bildirir ki, yarışa Cosef Bennet pouldan, Coşua Dürksen isə ikinci yerdən başlayıb.

Bennet pouldan start alsa da, əksəriyyət əmin idi ki, o yarış ərzində yerini qoruya bilməyəcək. Elə də olub. O, yarışa pis start verərək, beşinci yerə qədər geriləyib. Dürksen birinci, Pepe Marti isə ikinci, Roman Stanek isə üçüncü yerə yüksəliblər.

Yarışın ikinci dövrəsində isə böyük insident baş verib. Üçüncü döngədə Meqetunif, Lindblad və Brouninq zəncirvari qəza ediblər. Yarış bundan sonra qırmızı bayraqlarla dayandırılıb.

Restartdan sonra Dino Beqanoviçin maşını üçüncü döngədə dayanıb və təhlükəsizlik maşını trasa çıxıb.

Yarışın 17-ci dövrəsində isə Pepe Marti birinci yer uğrunda mübarizədə Coşua Dürkseni geridə qoyub. Lakin Coşua təslim olmayıb və əks hücumla ispaniyalı sürücünü qabaqlayıb. Ancaq Marti hücumlarını davam etdirib və 19-cu dövrədə yenidən zirvəni əlinə keçirib.

Sonrakı dövrələrdə Dürksen liderlik üçün Martiyə hücum etsə də, təkərləri yeyildiyi üçün təslim olmaq məcburiyyətində qalıb.

Yarışın son dövrəsində Stanek ikinci yer uğrunda mübarizədə Dürksenə hücum etsə də, cəhdləri faydasız olub.

Son dövrədə zəncirvari qəza baş verib. Belə ki, Amor Kordil yerində fırlanaraq, trasda dayanıb. Onun arxasınca gələn Mini, Fornaroli və Bennet manevr edə bilməyərək, zəncirvari qəzaya səbəb olublar.

Rauf Hacıyev

Şərh əlavə et