Ferrari 2024-cü ilin sonunda Mühəndislər Kubokunu cüzi fərqlə əldən verdikdən sonra, 2025-ci ildə zirvəyə daha da yaxınlaşmağı qarşısına məqsəd qoymuşdu.
Lakin hadisələr İtaliya təmsilçisinin gözlədiyi kimi cərəyan etmədi. Lyuis Həmiltonun indiyədək əldə etdiyi ən yaxşı nəticə dördüncülük olduğu halda, Şarl Lekler üç dəfə podiuma yüksəlib.
Bu həftəsonu keçiriləcək Avstriya Qran Prisində Ferrari komandasının mühüm bir altlıq yeniliyi təqdim edəcəyi gözlənilir. Cümə axşamı baş tutan mətbuat konfransında Leklerə bu yeniliklərdən nə dərəcədə ümidli olduğu sualı verilib.
Monakolu pilot belə cavab verib:
“Bilmirəm. Düşünmürəm ki, bu yeniliklər əsaslı bir dəyişikliyə səbəb olsun. Əslində, məqsədimiz düzgün istiqamətdə kiçik addımlar atmaq və gələcəkdə hansı yolla irəliləyə biləcəyimizi müəyyənləşdirməkdir. Məncə, müəyyən qədər inkişaf əldə edəcəyik. Bu, McLaren-lə aramızdakı fərqi bağlamağa kifayət edəcəkmi? Yəqin ki, yox, çünki hazırda onlar bizdən xeyli öndədirlər.
Amma hesab edirəm ki, bu yeniliklər doğru istiqamətdə atılmış addımdır. Bunun nə qədər böyük addım olacağını isə söyləyə bilmərəm”.
Komanda yoldaşı Həmiltonun bolidə uyğunlaşması barədə də danışan Lekler bu məsələdən narahat olmadığını bildirib:
“Heç bir narahatlığım yoxdur.
Bu, komanda xaricində çox müzakirə olunur, lakin komanda daxilində ciddi problem kimi qəbul edilmir. Bizim ixtiyarımızda – həm mənim, həm də Lyuisin sürüş tərzinə uyğun bolid sazlanmalarını edə biləcək bütün vasitələr var. Yəni bu, heç bir çətinlik yaratmır.
Mən yalnız gələn il ən sürətli bolidə sahib olmaq istəyirəm və düşünürəm ki, Lyuis də eyni şeyi arzulayır. Mövsüm başlayanda mən bolidi öz tərzimə uyğun tənzimləyəcəyəm, Lyuis də öz sürüş tərzinə uyğunlaşdıracaq. Bu baxımdan heç bir narahatlığım yoxdur”.
Sonda Lekler 2026-cı il üçün nəzərdə tutulan bolid haqqında da fikirlərini bölüşüb: “İndiyədək sürdüyüm ən zövqlü yarış maşını olduğunu deyə bilmərəm. Amma layihə hələ çox yenidir.
Ümid edirəm ki, qarşıdakı aylarda bolid ciddi şəkildə inkişaf edəcək. Amma düşünürəm ki, bu artıq sirr deyil: 2026-cı ilin texniki reqlamenti pilotlar üçün daha az zövqlü bolidlər gətirəcək. Hazırda çox razı deyiləm, amma bu da işimizin bir hissəsidir”.
Şərh əlavə et