Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Münasibətimiz möhkəmləndi

McLaren komandasının sürücüsü Lando Norris Kanada Qran Prisində komanda yoldaşı Oskar Piastri ilə yaşadığı toqquşmadan sonra aralarındakı münasibətin daha da möhkəmləndiyini bildirib.

2025 mövsümünün ilk yarısı Norris üçün arzuolunan kimi keçmədi. McLaren pilotu Bəhreyndə yarışa uğursuz startla başlamış, tras üzərindəki mübarizələrdə isə qeyri-stabil performans nümayiş etdirmişdi. Səudiyyə Ərəbistanında sıralanma turunda etdiyi qəza isə həftəsonuna damğasını vurmuşdu.

Mayami və İmolada isə Q3 performansı gözləntiləri qarşılamamışdı. Barselonada isə son turda etdiyi kiçik səhvlər səbəbilə poulu Piastriyə uduzmuşdu. Monreal trasındakı yarışda isə daha bir xoşagəlməz hadisə yaşandı: Norris yarış zamanı komanda yoldaşı Piastri toqquşdu və yarışı vaxtından əvvəl bitirmək məcburiyyətində qaldı.

Bu qəza istisna olmaqla, Norrisin 2025-ci ildəki səhvləri ciddi nəticələr doğurmasa da, xüsusilə Piastri üçün üstünlük yaratdı. Landonun mövsümdəki ən zəif nəticəsi Səudiyyə Ərəbistanındakı dördüncülük idi. Halbuki həmin həftəsonu o sıralanma turunun son sessiyasında qəza etmiş, ancaq güclü yarış tempi ilə vəziyyəti qismən düzəldə bilmişdi. Digər bütün yarışlarda isə podiuma yüksəlməyi bacarmışdı.

Performans baxımından McLaren pilotları kifayət qədər bərabər təsir bağışlasa da, Norris hesab edir ki, çempionluq mübarizəsində əsas həlledici amil həftəsonu ərzində buraxılan səhvlər olacaq.

Avstriya Qran Prisindən əvvəl Lando Norris bildirib: “Bəli, bu tamamilə belədir. Daha çox səhv edən mən olmuşam və buna görə də geri qalmışam. Məncə, bu çox aydındır.

Oskar bu mövsüm məndən bir qədər daha rahat görünür. Vəziyyət belədir. Mənim tərəfimdən bolidi anlamaq və uyğunlaşmaq əvvəlki illərlə müqayisədə daha çox səy tələb etdi. Amma mənə hansı bolid verilirsə verilsin, onunla yaxşı nəticə qazanmaq mənim işimdir”.

Kanada Qran Prisində Piastri ilə yaşanan insidentdən sonra McLaren rəhbərliyi və komanda rəhbəri Andrea Stella ilə apardığı müzakirələrin detalları barədə danışmayan Norris, bu hadisənin komanda daxilində bəzi şeyləri möhkəmləndirdiyini deyib: “Düşünürəm ki, hadisəni tam anladığımı və bunu komandaya düzgün şəkildə çatdırdığımı göstərdim. Elə ilk andan etibarən səhvimi açıq şəkildə etiraf etdim.

Əlbəttə ki, bu söhbətlər çox da xoş deyildi, amma mütləq aparılmalı idi. Hamımız bir nömrəli qaydanın nə olduğunu bilirik və bu, həmişə keçərli olacaq.

Oskarla aramızdakı qarşılıqlı inam və dürüstlük çox vacibdir. Biz bəzi digər komandaların düşdüyü vəziyyətə düşmək istəmirik. Bir-birimizə qarşı ədalətli və sərhədlər daxilində mübarizə aparmaq istəyirik.

İnsanların gözləmədiyi şəkildə deyə bilərəm ki, bu hadisədən sonra bəzi şeylər daha da möhkəmləndi.

Komanda mənim üçün hər şey deməkdir. Onlar məni yetişdirən və Formula 1-də bu fürsətləri verən insanlardır.

Bu, çətin bir neçə gün oldu, amma Andrea, Zek Braun və ətrafımdakı komanda üzvləri ilə danışaraq belə anları daha düzgün şəkildə necə aşacağımı öyrənməyə başladım.

Hadisəni mümkün qədər tez arxada qoymaq çox vacib idi. Bu həftəsonuna tam hazır vəziyyətdə gəlmişəm”.

Rauf Hacıyev

Şərh əlavə et