Xəbəri Kokpitdə Oxuyun!

Avstriyaya gətirilən yeniliklər

Çempionatda iştirak edən on komandadan altısı Şpilberqdəki Avstriya trasında keçiriləcək məşqlərdən əvvəl növbəti texniki yeniliklərini təqdim edib. Ən çox yenilik isə McLaren və Ferrari komandalarının maşınlarında edilib – elə onlardan da başlayaq.

 

McLAREN

Hər iki çempionat cədvəlinə liderlik edən britaniyalılar MCL39-da ön asılqanı təkmilləşdirib. Amma əslində söhbət sadəcə müəyyən asılqan elementlərinə quraşdırılmış yeni aerodinamik örtüklərdən gedir. Bu dəyişikliklərin məqsədi həmin hissədən keçən hava axınının keyfiyyətini yaxşılaşdırmaqdır ki, bu da aerodinamik səmərəliliyin artmasına səbəb ola bilər.

Həmçinin Formula 1-də “ön künc” adlandırılan şassi hissəsində axının keyfiyyətindəki yaxşılaşmalardan tam istifadə etməyə imkan verən aerodinamik elementlər də əlavə olunub. McLaren bu elementlərin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Dəyişikliklər maşının arxa hissəsinə də şamil edilib və onlar mexaniki sazlamaların optimallaşdırılmasına yönəlib. Komandanın verdiyi açıqlamanın dəqiq tərcüməsi belədir:
“Arxa asılqanın alternativ geometriyası arxa küncdəki aerodinamik səthlərin yenidən nəzərdən keçirilməsini tələb edir ki, bu səthlər arasındakı boşluqlar və aerodinamik səmərəlilik səviyyəsi qorunsun.”

FERRARI

Maranello komandası əsas yeniliklərini Silverstounda təqdim etməyi planlaşdırsa da, artıq Avstriyada SF-25 modelinə yeni altlıq quraşdırılıb. Yeniliklər siyahısında dörd bənd var və onların hamısı maşının alt hissəsi ilə bağlıdır:

Altlığın ön hissəsindəki Venturi tunellərinin arakəsmələrinin geometriyası dəyişdirilib,
mərkəz hissədə tunellərin quruluşu dəyişib, altlığın kənarlarında yerləşən elementlər qısaldılıb və forması yenidən işlənib.

Bundan əlavə, diffuzor təkmilləşdirilib. Bütün bu yeniliklər aşağıdakı ümumi şərhlə müşayiət olunur: “Altlıq ilə bağlı yeniliklər konkret tras üçün nəzərdə tutulmayıb. Altlığın ön hissəsində təkmilləşdirilmiş arakəsmələr arxa hissəyə yönələn burulğanların daha səmərəli işləməsinə şərait yaradır.

Bu səbəbdən altlığın gövdəsinin geometriyası yenidən işlənib, tunellər genişləndirilib, döşəmə kənarlarında yük paylanması yenidən tənzimlənib və diffuzorun həcmi artırılıb – nəticədə ümumi aerodinamik səmərəlilik yüksəlib”.

RED BULL RACING

RB21 bolidində altlığın yalnız arxa kənarlarında geometriya dəyişdirilib: arxa təkərlərin önündə yerləşən sahədə yeni qanad quraşdırılıb. Bu qanad hava axınının sabitliyini qorumağa və altlığın həmin hissəsində yaranan sıxma qüvvəsinin artırılmasına xidmət edir.

MERCEDES

Corc Rassell və Kimi Antonellinin maşınlarının ön hissəsində yerləşən əyləc hava kanallarında daha böyük giriş və çıxış dəlikləri quraşdırılıb. Bu dəyişiklik Avstriya trasında artan soyutma tələbatı ilə əlaqədardır.

Eyni səbəbdən mühərrik qapağının geometriyası da dəyişdirilib – isti havanın çıxdığı hissənin ölçüsü artırılıb. Bu da radiatorların yerləşdiyi saydpodlardan keçən hava axınının həcmini artırmaqla soyutma səmərəliliyini yüksəldir.

RACING BULLS

VCARB 02 modelində ön qanadın tənzimlənən elementi yeni geometriyaya malikdir. Bu dəyişiklik həmin hissədəki hava axınının keyfiyyətini yaxşılaşdırmaq üçün edilib və nəticədə aerodinamik sistemin müxtəlif şəraitlərdə daha səmərəli işləməsinə imkan yaradır.

Avstriya trasına uyğunlaşdırmaq üçün arxa qanadın tənzimlənən elementi yenidən formalaşdırılıb – bu da Red Bull Ring trasının xüsusiyyətlərinə uyğun sıxma qüvvəsi və aerodinamik səmərəlilik səviyyəsini təmin edir.

SAUBER

İsveçrə komandası iki yeniliyi açıqlayıb: Birincisi altlığın orta hissəsi, onun kənarları və diffuzorun geometriyası dəyişdirilib. Bu dəyişikliklər maşının alt hissəsindəki hava axınının keyfiyyətini yaxşılaşdırmaq və sıxma qüvvəsini artırmaq məqsədi daşıyır.

İkincisi C45-də yeni arxa qanad quraşdırılıb. Komandanın açıqlamasına görə, bu qanad daha yüksək sıxma qüvvəsi tələb edən traslar üçün uyğundur.

Digər komandalar

Aston Martin, Alpine, Haas və Williams komandaları isə heç bir yenilik təqdim etməyib – onların maşınları əvvəlki mərhələlərdəki vəziyyətdə qalıb.

Rauf Hacıyev

Şərh əlavə et