Xəbəri Kokpitdə Oxuyun!

Avstriya F2: Fornaroli pouldan başlayacaq

Formula 2-də artıq adət halını alıb ki, şəxsi hesabda aşkar lider olmur və ilk beşlikdəki pilotlar cəmi bir neçə xalla bir-birindən ayrılır. Poul mövqeyi üçün əlavə iki xal verildiyindən və seriyanın lideri Aleks Dannla Rişar Fersxor arasında cəmi üç xal fərq olduğundan, sıralanma turundakı qələbə uğrunda mübarizə aparmağa dəyərdi.

Lakin bu gün əsas yarış üçün start düzülüşünü müəyyən edən sessiyanın əsas qəhrəmanları onlar olmadılar.

İlk olaraq Invicta Racing komandasının pilotu Leonardo Fornaroli nisbətən güclü nəticə göstərib, lakin mövsümün uğursuzlarından olan Viktor Marten onu cuzi fərqlə qabaqlayıb.

Növbəti cəhdində Fornaroli daha sürətli dövrə vuraraq 1:15.574 zaman nəticəsini göstərib. İkinci pilləyə isə Coşua Dyurksen yüksəlib. Marten nəticəsini yaxşılaşdıra bilməyərək üçüncü yerdə qalıb. Liderlər qrupundan ən yaxşı nəticəni hələlik Fersxor göstərmişdi, lakin omaltıncı yerdə idi. Rodin Motorsport komandasının sürücüsü Aleks Dann isə bir sıra problemlərlə üzləşmişdi və sessiyanın yarısına qədər 18-ci yerdə qərarlaşmışdı.

Sessiyanın sonuna 12 dəqiqədən az vaxt qaldıqda pilotlar təzə təkərlərlə trasda dövrə vurmağa başladılar. Bu anda Cek Krouford və onun komandası DAMS barəsində pitdən təhlükəli çıxış səbəbilə araşdırma başladılıb, lakin stüardlar bu məsələ ilə sessiyadan sonra məşğul olacaqlarını bildiriblər.

Fersxor poul uğrunda həlledici cəhdə başlayıb və bir müddətlik də olsa, liderliyə yüksəlib. Lakin çox keçmədən Marten 1:15.243 zaman nəticəsi ilə onu qabaqlayıb və iddiasını göstərib. MP Motorsport komandasınln pilotu Fersxor son cəhdində tam riskə gedərək maksimum sürətlə hərəkət edib, lakin belə hallarda tez-tez baş verdiyi kimi, bir neçə kobud səhv buraxıb və nəticədə onun dövrəsi silinib.

Əvəzində Fornaroli tam düzgün taktika ilə hərəkət edərək dəqiq və sabit performans göstərib. Onun son cəhdi günün ən yaxşı nəticəsi – 1:15.229 – olub. Bu, italiyan pilotun Formula 2-dəki debüt mövsümündə ikinci pouludur.

Fersxor sessiya öncəsi bildirmişdi ki, poul əlbəttə ki, yaxşıdır, lakin Red Bull Ring trasında ötmələr çətin deyil, ona görə də kifayət qədər aqressiv strategiya ilə hətta arxa mövqelərdən də qələbə uğrunda mübarizə aparmaq mümkündür.

Bunun nə dərəcədə mümkün olacağını isə şənbə günü keçiriləcək sprint yarışında görəcəyik. Fersxor həmin yarışa 7-ci yerdən başlayacaq, çünki Formula 2-də qismən tərs start düzülüşü tətbiq olunur. Sprint yarışının poul mövqeyindən isə bugünkü sıralanma turunu 10-cu yerdə tamamlayan Van Amersfoort Racing komandasının britaniyalı debütantı Con Bennett start alacaq.

Rauf Hacıyev

Şərh əlavə et