Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Avstriyaya yenilik gətirir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Avstriya və Silverstoun yarışlarına yeniliklə gələcəklər.

Kokpit.az bildirir ki, Avstriya təmsilçisi Mayami, İmola və Barselona yarışlarına mərhələli şəkildə altlıq, saydpod və ön qanad yenilikləri gətirib. “Qırmızı öküzlər” bu həftəsonu öz vətənlərində – Red Bull Rinq trasında yeni paketlə çıxış edəcəklər.

Helmut Marko: “İndi Avstriya üçün yenilik gətiririk, sonra isə Silverstoun üçün bir az daha işləyəcəyik. Amma bu da işə yaramasa, onda çempionat həqiqətən çətin olacaq – sanki indiyə qədər kifayət qədər çətin deyilmiş kimi…”

Marko eyni zamanda Silverstoun yarışından sonra komandanın diqqətini tamamilə 2026-cı il üçün yeni texniki texniki reqlamentə yönəldəcəyinə işarə edib: “Aerodinamik boru və bütün simulyator vasitələrinin necə istifadə olunacağı ilə bağlı dəqiq bölgü var. Amma elə bir nöqtə gələcək ki, daha çox inkişaf edə bilməyəcəyik.”

“Bunun iki səbəbi var: vaxt və yeni detalların istehsalının vaxt aparması; üstəlik büdcə limiti. Düşünürəm ki, ən gec Silverstoun və ya Spadan sonra tamamilə yeni bolidə fokuslanacağıq”.

Marko sonda əlavə edib ki, Red Bull Ring Maks Verstappen üçün çox əlverişli trasdır: “Maks burada beş dəfə qalib gəlib, bu trek ona çox uyğundur. Ciddə, Suzuka, həmçinin İmola və Monrealda işlər yaxşı getdi. Amma dediyim kimi, işləmə pəncərəsi çox dardır”.

Rauf Hacıyev

Şərh əlavə et