Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-i çətin sınaq gözləyir

Mercedes komandasının yenilənmiş arxa asılqan sistemi bu həftəsonu Avstriya Qran Prisində çətinliklərlə üzləşə bilər.

Kokpit.az bildirir ki, Mercedes komandası arxa təkərlərin çox qızmasına görə Emiliya Romanya Qran Prisində təqdim etdiyi arxa asılqan sistemini Kanada Qran Prisində yenidən maşına quraşdırmışdı. Yeni sistemin əsas məqsədi xüsusilə isti traslarda təkər temperaturunu daha balanslı etmək idi.

Ancaq İmolada sistemin ilk yarışı yaxşı keçməmiş, Mercedes komandası da Monako və İspaniya yarışlarında bu paketi maşından çıxarmışdı. Komandanın bu qərarı verməkdə əsas məqsədi bolidin zəif performansına görə asilqandan şübhələnməsi idi.

Lakin “gümüşü oxlar” sistemi Monrealda yenidən maşına quraşdırmış və 50 dərəcə istidə asılqan paketi yaxşı işləmişdi. Jil Vilnöv trasında yüksək sürətli döngələrin az olması və ən yumşaq üç təkər tərkibinin istifadə olunması Mercedes-in işini asanlaşdırdı.

Düzdür, Kanadada gələn qələbə və ikili podium bu asılqan sisteminə həsr olunmadı, amma Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, onlar doğru yoldadırlar: “Bu xüsusi problem üçün yeni asılqan sistemi gətirdik. İmoladakı nəticələrdən tam olaraq əmin deyildik, çünki gözləntilərimizi qarşılamadı. Monako və Barselonada paketi maşından çıxarmaq doğru qərar idi.

Kanadada sistemi istifadə etmə səbəbimiz isə inkişaf yönünün doğru olub-olmadığını yoxlamaq üçün idi. Ancaq bu reqlamentdə heç nə qəti deyil. Təkmilləşəndə uğur gəlir yoxsa kənardan elə görünür? Bunu anlamaq çətindir”.

Mercedes təkər temperaturuni daha stabil etmək üçün ağırlıq balansını yenidən dizayn edib. Bolidin arxa tərəfindəki yük paylanmasının dəyişdirilməsi ilə təkərin səthi və daxili temperatur fərqi azaldılmağa çalışılır. Bu sistem düşgün işləyəcəyi halda Avstriya kimi qarışıb döngə quruluşuna sahib olan traslarda üstünlük qazanmaq mümkün görünür.

Lakin Red Bull Rinq trasında Mercedes komandasını çox çətin imtahan gözləyir. Avropada yay istiləri yavaş-yavaş təsirini göstərir. Proqnozlara görə havanın temperaturu 30 dərəcə olacaq. Bu da tras səthinin 50 dərəcə temperaturdan çox olacağı deməkdir.

Mercedes xüsusən keçən il belə traslarda arxa təkərlərdə yeyilmə problemi yaşamışdı. Belə olan halda maşın çox sürüşür və performası tez düşür.

Yeni asılqan paketi təkərlərin səthi və daxili temperaturuni doğrudan da balanslaşdırsa, Mercedes-in performansı 6, 7 və 9-cu döngələrdə yaxşılaşa bilər. Bu döngələr sistemin arxa təkərlərə təsirini test etmək üçün ideal fürsətdir.

Bundan başqa C3, C4 və C5 tərkibləri gətirildiyi üçün Mercedes keçən mövsümlə müqayisə də apara bilər.

Rauf Hacıyev

Şərh əlavə et