Formula 1-in 2026-cı il mövsümü texniki baxımdan tarixdə ən böyük dəyişikliklərdən birinə səhnə olacaq. Həm güc qurğusunda, həm də şassi dizaynında əsaslı yeniliklər tətbiq ediləcək. Xüsusilə hibrid sistemlərin çəkisi əhəmiyyətli dərəcədə artacaq və elektrik komponenti ümumi gücün yarısını təmin edəcək.
Yeni qayda: Sıralama turlarında enerji limiti
FIA bu mürəkkəb keçid dövrünü daha sağlam idarə etmək üçün yeni bir məhdudiyyət tətbiq edir: bəzi traslarda sıralanma turu zamanı avtomobillərin bərpa edə biləcək maksimum enerji miqdarı 8.5 Meqajuldan 5 Meqajula endirilə biləcək. Bu dəyişiklik həm əsas, həm də sprint sıralanma turunu əhatə edir.
Bu addım sürücülərin hibrid sistemlərdən sui-istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır. Az əyləcləmə olan traslarda sürücülər artıq enerjini saxlamaq üçün “qaz pedalını erkən buraxmaq” və ya “lazımsız yavaşlama” kimi üsullardan istifadə edə bilməyəcəklər.
Bu halda bolidlər real güclərini göstərə bilməyəcəklər. Bu hal təkərlər və mexanik sistemlər üzərində əlavə təzyiq yarada bilər.
MGU-H tarixə qovuşur, yeni problemlər gəlir
2026-cı ildən etibarən MGU-H sistemi ləğv olunacaq. Bu sistem, qazburaxma sisteminin qazlarından enerji toplayaraq elektrik mühərrikinə ötürürdü.
Onun yerini yalnız əyləcləmə ilə enerji bərpası alacaq. Amma bu da bütün traslarda eyni effektivliyi təmin etmir.
FIA bu səbəbdən bəzi traslarda standartdan aşağı limit tətbiq edəcək və sürücüləri daha real tempdə dövrələr atmağa təşviq edəcək.
Aerodinamika sahəsində sərbəstlik artır
Yeni texniki qaydalar aktiv aerodinamikaya daha çox imkan verəcək. Düzlüklərdə hava müqavimətini azaltmaq üçün hərəkətli aerodinamika detalları istifadə edilə biləcək.
Bundan əlavə, elektrik mühərriki yalnız müəyyən sürətə qədər işləyəcək. Yeni qaydalara əsasən, elektrik dəstəyi 345 km/saat sürətdən sonra deaktiv olacaq. “Override” rejimində isə bu limit 355 km/saata qədər artırıla bilər.
Sürüş tərzləri tamamilə dəyişəcək
Mercedes komandasının gənc sürücüsü Andrea Kimi Antonelli bu dəyişikliklərin pilotaj stilinə də təsir edəcəyini deyir:
“Hər şey çox dəyişəcək. Gücün 50 faizi elektriklə təmin olunacaq, amma batareyanın tutumu dəyişməyəcək. Simulyasiyalarda gördük ki, Montsa kimi traslarda batareya bir düzlükdə belə tükənə bilər – belə olan halda yalnız 500 at güclü termal mühərriklə qalırıq.
Artıq hər döngədə və ya düzlükdə tam qazla getmək olmaz. Enerjini doğru yerdə istifadə etmək vacib olacaq. FIA qaydaları tez-tez dəyişsə də, biz artıq bilirik ki, sürmə tərzimiz yarışın taleyini müəyyən edə bilər.”
2026-cı il gəlməmiş qayda müharibəsi başlayıb
Hələ 2026-cı il mövsümünə 6 altı ay qalsa da, komandalar, mühəndislər və FIA-nın texniki departamenti artıq intensiv iş rejiminə keçiblər. Elektrik gücünün rolunun artması strategiyaları şaxələndirir, FIA isə bu ehtimalları ciddi şəkildə tənzimləməyə çalışır.
Artıq təkcə sürətli olmaq kifayət etməyəcək – enerjini ağıllı istifadə etmək qalibiyyətin əsas şərtinə çevriləcək. Yarışlar yalnız trasda deyil, məlunat ekranlarındam və düzgün batareya istifadəsində qazanılacaq.
Şərh əlavə et