Ölkəmizdə drift yarışları çox sevilir. Maşının sürüşmə bucağı, sürəti, trayektoriyaların dəqiqliyi, maşına nəzarət, çoxlu tüstü, təkərlərin yanıq qoxusu… Əsl avtomobil və avtoidman həvəskarları üçün bu ifadələr gözəl səslənir.
Red Bull Şirkəti isə artıq uzun illərdir ki, Red Bull Car Park Drift yarışı təşkil edərək, avtomobil həvəskarlarını sevindirir.
Red Bull Car Park Drift-in tarixi və Azərbaycana gəlişi
İlk Red Bull Car Park Drift yarışı 2008-ci ildə Livanda keçirilib. O yarışın qalibi isə Abdo Feqali olub. Bundan sonra yarışın populyarlığı artıb və ölkəmizdə də keçirilməyə başlanıb.
Azərbaycanda ilk Red Bull Car Park Drift yarışı 2022-ci ilin oktyabr ayında təşkil olunub. Çətin mübarizə şəraitində keçən yarışın qalibi Adil Axundov olub. Pərviz Əzizov ikinci, Rauf Dadaşzadə üçüncü yerləri tutublar.
Paytaxtımızdakı ikinci yarış isə 2023-cü ilin oktyabr ayında baş tutub. Bu dəfə Bayraq Meydanına toplaşmış tamaşaçılar fərqli qalib görüblər. Niyaz Bədiyev ilk dəfə Red Bull Car Park Driftin qalibi olub. Ölkəmizdəki ilk yarışın qalibi olmuş Adil Axundov bu dəfə ikinci yerlə kifayətlənib. Üçüncü yeri isə ilk yarışda da podium görmüş Pərviz Əzizov tutub.
Azərbaycandakı üçüncü Red Bull Car Park Drift yarışı bu dəfə payızda yox, yazda – 2024-cü ilin iyun ayında təşkil olunub. Niyaz Bədiyev yenə də hamıdan yaxşı “təkər yandırıb”. İkinci yeri azarkeşlərin sevimlisi Elvin Xudaverdiyev tutub. Pərviz Əzizov isə üçüncü yeri tutaraq, Red Bull Car Park Drift Azərbaycan yarışlarının tarixində 3/3 podium statistikasına çatıb.
2025-ci ildə kim qalib gələcək?
Azərbaycanda keçirilən üç fərqli Red Bull Car Park Drift yarışlarında biz iki fərqli qalib görmüşük. Bəs bu il necə? Niyaz Bədiyev yenə də üstünlüyünü nümayiş etdirə biləcək? Yoxsa keçən il ikinciliklə barışa bilməyən Elvin Xudaverdiyev daha yaxşı hazırlaşaraq yarışı qazanacaq? Bəs Pərviz Əzizov? Podium seriyasını qələbə ilə davam etdirəcək? Xatırlayıram, Pərviz keçən il podiumda bu sözləri demişdi: “Həmişə burada ya ikinci oluram ya da üçüncü. Artıq qələbə qazanmaq lazımdır”. Bəs Pərviz sözünü tuta biləcək?
Bakı Şəhəri bu həftəsonu dumanlı olacaq. Bizi çox maraqlı və bol mübarizəli Red Bull Car Park Drift yarışı gözləyir. Odur ki, biletlərinizi alın və gəlin. Bizi də izləyin.
Şərh əlavə et