Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Geri çəkilməyəcəyik

Red Bull komandası bu həftəsonu öz evində keçiriləcək Avstriya Qran Prisinə iki mühüm hədəflə yollanır: Maks Ferstappenin cəza xalı almamasını təmin etmək və McLaren-lə olan xal fərqini azaltmaq.

Hazırda 11 cəza xalı olan və yarışdan ixrac edilməyə sadəcə 1 xal məsafədə olan Maks Ferstappen, sonuncu yarışda – Kanada Qran Prisində cəza almaqdan yayına bilib.

İndi məqsəd Avstriya Qran Prisində də eyni şəkildə cəzasız çıxış etməkdir. Çünki yarışdan bir gün sonra iki cəza xalı silinəcək və Ferstappenin cəza xalı 9-a düşəcək. Növbəti silinmə tarixi isə 27 oktyabrdır.

Red Bull komandasının rəhbəri Kristian Horner Monrealda verdiyi açıqlamada belə deyib: “Red Bull Ring-də yarışmağı səbirsizliklə gözləyirik. Burada həmişə möhtəşəm yarışlar olub. Bu həftəsonunu problemsiz keçirmək bizim üçün çox vacibdir.
Daha sonra cəza xallarının silinməsi başlayacaq”.

Red Bull-un ev yarışındakı digər məqsədi isə yaxşı nəticə əldə etməkdir. Ferstappen son 7 Avstriya Qran Prisindən 4-ünü qazansa da, Horner bu dəfə işlərin daha çətin ola biləcəyini qeyd edir.

Xüsusilə trasın orta sürətli döngələrdən ibarət olan ikinci sektoru Red Bull-un zəif nöqtəsidir. Üstəlik, hava temperaturunun 30 dərəcədən yüksək olacağı gözlənilir ki, bu da McLaren üçün üstünlük yarada bilər.

Kristian Horner əlavə edib: “Avstriya çox vacib və populyar bir yarışdır, Maksın burada çox sayda azarkeşi olacaq. Ancaq trasın orta sürətli döngələri bizim hazırkı ən zəif tərəfimiz ola bilər. Hava isti olsa, McLaren daha güclü olacaq.

Aramızda böyük xal fərqi var, amma heç nədən imtina etmirik. Hələ mövsümün yarısına belə çatmamışıq. Qarşıda çoxlu yarışlar və sprintlər var. Əgər bolidin performansını təkmilləşdirməyə davam etsək, hər şey mümkündür. Heç kim geri çəkilmir.”

Qeyd edək ki, Maks Ferstappen 155 xalla turnir cədvəlində üçüncü yerdədir. Niderlandlı sürücü çempionatın lideri Oskar Piastridən 43 xal geridə qalır.

Rauf Hacıyev

Şərh əlavə et