Xəbəri Kokpitdə Oxuyun!

Bottas Cadillac-la anlaşıb?

Cadillac 2026-cı ildə Formula 1-ə girməyə hazırlaşır – amerikan təmsilçisi ilk pilotunu açıqlanmaq üzrədir.

F1-ə 2026-cı mövsümdə qoşulacaq yeni Amerika komandası Cadillac, ilk pilotunu yaxın günlərdə açıqlamağa hazırlaşır.

Komandanın potensial sürücü siyahısının zirvəsində tanıdığımız bir sürücü var – Valtteri Bottas. 10 qələbəsi olan və hazırda Mercedes-in ehtiyat pilotu kimi fəaliyyət göstərən təcrübəli fin sürücü, F1-ə tam zamanlı dönüş üçün ciddi namizəddir.

Mercedes-də ehtiyat pilot olmağa razılıq verərək Formula 1-dən tamamilə uzaqlaşmayan Bottas, bu qərarı ilə gələcəkdə sükan arxasına qayıtmaq şansını qorumuş oldu – və görünür ki, bu strateji seçim öz bəhrəsini verir. Çünki Cadillac rəhbərliyi, xüsusilə Silverstoun Qran Prisində Bottasla ciddi danışıqlara başlamağa hazırlaşır.

Bu danışıqlarda komandanın sahibi, TWG Group-un rəhbəri Den Touris də şəxsən iştirak edəcək. Andretti Global, Wayne Taylor Racing və Spire Motorsports kimi yarış layihələrində payı olan Tourisin birbaşa pilotlarla əlaqə saxlayacağı gözlənilir.

Bottas, yoxsa Perez? Bəlkə hər ikisi?

Cadillac-ın ilkin namizədləri arasında adı hallanan ilk sürücü Serxio Peres idi. Amma son həftələrdə Bottas üstünlüyü ələ almağa başlayıb. İndi isə bütün nəzərlər komanda rəhbəri Qrim Loudonun verəcəyi qərardadır.

Əgər komanda iki təcrübəli pilotla yola çıxmaq istəsə, Bottas–Peres tandemini görə bilərik. Lakin biri təcrübəli, biri gənc olmaqla qarışıq heyət istəyirlərsə, bu halda yalnız onlardan biri seçiləcək. Hal-hazırda isə Bottasın kiçik üstünlüyü var.

Bu ehtimalları təsdiqləyən Bottas, sosial şəbəkədə maraqlı bir video paylaşıb. Küçədə qarşılaşdığı Cadillac SUV modelinə yaxınlaşan sürücü avtomobili incələyib:

“Nə gözəl oturacaqdır”, – deyə sürücü avtomobilin oturacağına toxunur və əlavə edir: “İki oturacaq var, ikisi də boş görünür.”

Xaricdən bir səs “Otur görək necədir?” deyə soruşduqda isə Bottas cavab verir: “Hələ yox.”

Bottasın bu paylaşımı Formula1 ictimaiyyəti tərəfindən açıq bir mesaj kimi dəyərləndirilib.

Digər namizəd: Felipe Druqoviç

Əgər Cadillac ikinci oturacaq üçün gənc sürücü seçmək istəsə, əsas namizədlərdən biri Felipe Druqoviç olacaq. Üç mövsümdür Aston Martin-də ehtiyat pilotluq edən braziliyalı sürücü, Silverstoun bazalı komandanın 2026-cı il planlarına düşmədiyi üçün yeni imkanlar axtarır.

Drugovich, F1-də yarışmaq üçün digər seriyalardan gələn təklifləri rədd edib və hələ də bu hədəfə fokuslanıb. Cadillac-la aparılan danışıqlar onun üçün ən ciddi şans kimi görünür. Ola bilsin ki, bu onun Formula 1-də yarışmaq üçün son böyük fürsəti olacaq.

Komandanın ilk pilotunu yaxın həftələrdə açıqlayacağı, ikinci oturacaqla bağlı qərarın isə yayın sonuna qədər dəqiqləşəcəyi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et