Xəbəri Kokpitdə Oxuyun!

MotoGP İtaliya: Markes 93-cü qələbəsini qazanıb

MotoGP üzrə İtaliya yarışının qalibi Mark Markes olub və bununla da ispaniyalı sürücü 93-cü qələbəsini əldə edib.

Kokpit.az bildirir ki, yarışın startı ilə birlikdə iki Ducati sürücüsü mübarizəyə başlayıblar və Françesko Banyaya liderliyi ələ alıb.

Yarışın ikinci dövrəsində Enea Bastyanini qəza edib və bu anda Mark Markes komanda yoldaşı Banyayanı keçərək liderliyi ələ keçirib. Somkiat Çantra isə start prosedurlarını düzgün yerinə yetirə bilmədiyi üçün iki dəfə uzun dövrə cəzası alıb.

Bundan sonra Markeslə Banyaya arasında liderlik uğrunda mübarizə davam edib. İki sürücü təmas yaşasalar da, Mark Markes liderliyini davam etdirib. Lakin Banyaya bu təmasa görə Aleks Markesin arxasına – üçüncülüyə geriləyib.

Ancaq bundan bir az sonra Banyaya öndəki iki rəqibinə hücum edərək yenidən liderliyə yüksəlib. Bu anda Yohan Zarko 15-ci döngədə qəza edərək mübarizəni dayandırıb.

Yarışın beşinci dövrəsində ilk 3 yerdəki sürücülər – Banyaya, Mark Markes və Aleks Markes – yenidən mübarizə aparıblar və Aleks yarışın yeni lideri olub.

Yarışın doqquzuncu dövrəsində dördüncü yerdəki Maverik Vinyales qəza edərək mübarizəni dayandırıb. Bir qədər sonra isə Mark Markes qardaşı Aleksi keçərək yarışın yeni lideri olub.

Yarışın ortalarında bu dəfə Cek Miller mübarizəni dayandırıb.

Sona iki dövrə qalmış isə VR46 komandasından Fabio di Canantonio rəqibi Françesko Banyayanı geridə qoyaraq, podiumun son pilləsini əldə edib.

Beləliklə Mucellodakı yarışı Mark Markes qazanıb. Onu qardaşı Aleks Markes və Fabio di Canantonio izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et