Xəbəri Kokpitdə Oxuyun!

MotoGP İtaliya: Markesdən 100-cü poul!

MotoGP üzrə İtaliya Qran Prisinin sıralanma turunda Mark Markes hamıdan sürətli başlayıb.

Kokpit.az bildirir ki, Mucellodakı sıralanma turu isti hava şəraitində keçib. Mark Markes isə burada birinfi yeri tutaraq, karyerasının 100-cü poulunu əldə edib.

İtaliya Qran Prisinin sıralanma turunun həm birinci, həm də ikinci sessiyasında böyük mübarizə olub. Sıralanma turunun birinci sessiyasında həm Yohan Zarko, həm də Cek Miller ikinci sessiyaya çıxmağı son anda əldən veriblər.

Fernandesin isə ön təkər qızdırıcısında problem olub və buna görə trasa gec çıxıb. Lakin ispaniyalı sürücü sona bir neçə saniyə qalmış atdığı dövrə ilə son sessiyaya keçib. Fermin Aldequer 1.44.894 zaman nəticəsi ilə ikinci sessiyaya çıxan son sürücü olub. Cek Miller ondan 0.014 saniyə geridə qalıb.

Sıralanma turunun ikinci sessiyasında həyəcan daha da artıb. Mark Markes 1.44.500 zaman nəticəsi ilə tempini ortaya qoyub və tras rekordunu qırıb. Bu nəticəyə ən yaxın sürücü Franko Morbidelli olub və o, Markdan 0.048 saniyə geridə qalıb.

Qısa müddətdən sonra Fabio Kuartararo 1.44.411 zaman nəticəsi ilə müvəqqəti liderliyə yüksəlib. Bundan dərhal sonra Françesko Banyaya 1.44.228 ilə birinciliyi ələ alıb.

Sessiyanın bitməsinə iki dəqiqə qalmış Mark Markes 1.44.169 zaman nəticəsi ilə gözəl dövrə vurub. Françesko Banyaya ikinci, Aleks Markes üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et