Xəbəri Kokpitdə Oxuyun!

F.Kuartararo həftəsonunu buraxacaq?

Fabio Kuartararo İtaliya Qran Prisinin ilk sərbəst yürüşündə qəza keçirərək çiynindən zədələnib və xəstəxanaya aparılıb. Yamaha sürücüsünün həftəsonunun qalan hissəsində trasa çıxıb-çıxmayacağı hələlik məlum deyil.

MotoGP üzrə dünya çempionu Fabio Kuartararo, Mucello trasında keçirilən ilk sərbəst yürüşün 10-cu dəqiqəsində, dördüncü döngəyə girərkən ön tərəfin sürüşməsi nəticəsində motosikletinə nəzarəti itirib və yerə yıxılıb.

Fransız sürücünün sol çiyni sərt şəkildə asfaltla təmas edib, ardından motosikleti ilə birlikdə çınqıllı zonaya qədər sürüşüb.

2021-ci ilin dünya çempionu yerdə bir müddət hərəkətsiz qalıb və ayağa qalxarkən çıxmış sol çiynini tutduğu müşahidə olunub.

Çiyni hadisə yerində yenidən yerinə oturdulsa da, Kuartararo sessiyaya qayıtmaqda israrlı olub və motosikletini tez bir zamanda təmir etdirmək üçün marşallarla mübahisə edib.

Pitə qayıtdıqdan sonra MotoGP-nin tibbi rəhbəri Dr. Anxel Çarte tərəfindən ilkin müayinə olunan fransız sürücüyə iltihabəleyhinə dərman verilib və trasa qayıtmasına icazə verilib.

Dr. Çarte sessiyadan sonra bildirib:
“Qəza zamanı Fabio-nun sol çiyni çıxmışdı. Bu, daha əvvəl də başına gəlmişdi. Çiynini əvvəlki qəzalar zamanı olduğu kimi, özü yerinə oturtdu.

Yenidən trasa çıxmasına icazə verdim, lakin indi onu Florensiyadakı xəstəxanaya göndəririk. Orada ətraflı MRT müayinəsi aparılacaq.”

Bu zədəyə baxmayaraq, Kuartararo sessiyanı beşinci yerdə tamamlayaraq sıralanma turunda birbaşa Q2-yə keçməyə nail olub.

Ancaq İtaliya Qran Prisinin qalan hissəsində yarışa bilib-bilməyəcəyi xəstəxanadakı yoxlamaların nəticəsindən asılı olacaq.

Rauf Hacıyev

Şərh əlavə et