Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Williams Voulz ilə müqavilə uzadıb

Williams-ın rəhbəri Ceyms Voulz komandası ilə uzunmüddətli yeni müqavilə imzalayıb.

Kokpit.az xatırladır ki, Ceyms Voulz 2023-cü ildə Mercedes-dən ayrılaraq Williams-a qoşulmuşdu. O, komandanın başına keçdikdən sonra texniki dizayn departamentini yenidən qurub və yarış qalibi Karlos Saynsı Aleks Albonun yanına transfer edərək peletonun ən güclü pilot cütlərindən birini formalaşdırıb.

Hazırda Williams komandası Mühəndislər Kubokunda 55 xalla 5-ci yerdədir. Bununla da britaniyalılar bu mövsüm əvvəlki üç mövsümün cəmindən çox xal toplayıb.

Ceyms Voulz bildirib ki, komanda 1997-ci ildən bəri ilk çempionluğunu qazanmaq məqsədilə inkişafa davam edir.

🔹 Ceyms Voulz açıqlamasında belə deyib: “Atlassian Williams Racing ilə yeni müqavilə imzalamaqdan böyük məmnunluq duyuram. Komandaya ilk qoşulduğum andan etibarən buranı evim kimi hiss etmişəm. Bu əfsanəvi komanda mənə artıq inanılmaz anlar yaşadıb və biz hamımız mirasımızı inkişaf etdirib yenidən dünya çempionluğu qazanmaq məqsədi ətrafında birləşmişik.

Son iki ildə əsas strukturun möhkəmləndirilməsinə fokuslandıq və indi qarşıdakı illərdə qələbələr üçün bir platforma qurmuşuq.”

🔹 Williams Racing və Dorilton Capital-in rəhbəri Metyu Səvic isə belə deyib: “Ceymsin Atlassian Williams Racing ilə yeni müqavilə imzalamasından və gələcəyini bu ortaq missiyaya həsr etməsindən çox məmnunuq.

O, komandanı yenidən podiumun zirvəsinə çıxarma missiyasına təcrübə, enerji və strateji liderlik gətirib.

Hələ istədiyimiz nöqtədə deyilik, lakin Qouvdakı inkişafı aydın hiss etmək olur və qarşıdakı dövr üçün olduqca həyəcanlıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et