Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yeniliklər gətirəcək

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Britaniya yarışından əvvəl bolidə yeniliklər gətirəcəklər.

Kokpit.az xatırladır ki, Ferrari komandası mövsümə yaxşı başlamayıb və geridə qalan 10 yarışda sadəcə 3 dəfə podium görüblər. Sonuncu Kanada yarışı isə “qırmızılar” üçün kabus kimi keçib. Tiffozilər o yarışda ən sürətli dördüncü komanda təsiri bağışlayıblar.

Frederik Vassyör: “Britaniya Qran Prisindən əvvəl bolidə sazlanmalar gətirəcəyik. Bəlkə daha sonra başqa yeniliklər də gətirərik. Ancaq böyük inkişaf gözləmək olmaz. Hazırkı texniki reqlamentin son mövsümündəyik və bütün komandalar bu reqlamentdən maksimumu alıb. Yəni inkişaf etsək belə, bu saniyənin onda biri qədər yox, yüzdə biri qədər olar”.

Fransalı komanda rəhbəri əlavə edib ki, yeniliklərin tam performansla işləməsi üçün vaxt lazımdır: “Yenilikləri sınadığımız zaman yaxşı sazlanma tapmaq üçün bir-iki yarış lazım olur. İlk yarışda işləmirlər. Sazlanma tapmaq vaxt aparır.

Əgər bu yeniliklər maşına 2 ya da 3 xallıq asfalatayatma qüvvəsi qazandırsa, bunu o dəqiqə hiss edəcəksiniz. Bəlkə, dövrəvi nəticələrdə yox, amma sıralanma turunda fərq yaradar. Onsuz da vacib olan dövrəvi nəticə deyil, tutduğumuz yerdir”.

Rauf Hacıyev

Şərh əlavə et