Kokpit.az bildirir ki, britaniyalılar Red Bull komandasının ən yaxşı vaxtıarında Ədrian Nyui ilə işləmiş Jil Vudu yenidən Formula 1-ə qaytarıblar. Vud simulyator və avtomobil modelləmə rəhbəri kimi Aston Martin komandasına qoşulub.
Qeyd edək ki, Vud 2010-2013-cü illərdə Red Bull komandasında simulyator və təhlil şöbəsinin rəhbəri kimi işləmişdi. Avstriya həmin illərdə həm Mühəndislər Kubokunu, həm də Sürücülər Çempionatını 4 dəfə qazanmışdılar.
O, Red Bull-dan ayrıldıqdan sonra Red Bull Advanced Technologies-də işləmiş və daha sinra Kaliforniyaya gedərək, Apple-da avtonom texnologiyaları üzərində işləmişdi. Lakin Ədrian Nyui ilə işləmək istəyi onu yenidən Formula 1-ə qaytarıb.
Ədrian Nyui Monako Qran Prisində bildirmişdi ki, Aston Martin komandasında simulyator vasitələri istənilən səviyyədə deyil: “Məncə, bəzi texnikalarımızın zəif olduğunu demək səhv olmaz. Xüsusən də sürücülərlə əlaqəli simulyator hazırda düzgün nəticələr vermir. Bu, əsas araşdırma vasitəsidir. Bunun zəif olması bizim işimizi məhdudlaşdırır”.
Nyui əlavə etmişdi ki, simulyatorun tam işə salınması üçün ikiillik müddət lazımdır. Vudun gəlişi bu prosesi sürətləndirmək üçün çox vacibdir.
Vud 2004-2006-cı illərdə McLaren-də simulyator rəhbəri kimi işə başlayaraq, Formula 1-dəki fəaliyyətinə start verib. O, daha sonra – 2007-2014-cü illərdə Red Bull-da baş mühəndis və simulyator-təhlil şöbəsinin rəhbəri vəzifələrində işləyib. İndi də Aston Martin komandasında bu şöbədə işləyəcək.
Lakin Aston Martin-in transferləri bununla yekunlaşmayıb. “Yaşıllar” aerodinamik sahədə də yaxşı transfer edib. Belə ki, Britaniya komandası Coakkino Cek Vinonu yeni baş aerodinamikaçı kimi heyətinə qatıb.
Vino Formula 1 karyerasına Toyota komandasında aerodinamikaçı kimi başlayıb. Daha sonra Red Bull, Renault və Mercedes kimi böyük komandalarda işləyib. O, 2012-ci ildə Mercedes komandasına keçib və vəzifəsində yavaş-yavaş yüksələrək, baş aerodinamikaçı olub. Vini 2024-cü ilin noyabr ayında Mercedes-dən ayrılıb və 2025-ci ilin aprelindən Aston Martin-də işə başlayıb.
Aston Martin komandasının rəhbəri Endi Kovell bildirib ki, hər iki mühəndis də komandaya böyük enerji gətirib: “Jil qısa müddət Formula 1-dən uzaq qaldı, Kaliforniyada işlədi. İndi isə modelləmə və simulyator şöbəmizə rəhbərlik edəcək. Bu iki mühəndisin Ədrianla və digər mühəndislərimizlə olan uyğunluğunu izləyəndə ortada böyüm enerji və qərarlılıq olduğunu görürsünüz. Ədrian kimi adamlar sadəcə texniki bilikləri ilə yox, hədəfi müəyyən etmək cəhətdən də komandanı yüksəklərə daşıyır”.
Şərh əlavə et