Kokpit.az xatırladır ki, monakolu sürücü Kanada yarışına 8-ci yerdən başlasa da, finiş xəttini beşinci yerdə bağlayıb. Lakin o yarışdan sonra komandasının iki pit-stoplu strategiyasından narazı qalıb.
Şarl Lekler: “Biz əslində bir nöqtədə razılaşdıq, sonra komanda iki pit-stop strategiyası ilə getməyə qərar verdi.
Mən o anda bununla razılaşmadım, amma düşünürəm ki, komanda körpüsünün strategiya ilə bağlı məndən daha çox məlumatı var. Biz bunu nəzərdən keçirəcəyik, çünki hiss etdiklərimdən və ətrafımda gördüklərimdən sonra hesab edirəm ki, bir pit-stop qərarı daha düzgün idi.
Ancaq bugünkü pis nəticənin əsas səbəbi strategiya deyil. Məncə birinci sərbəst yürüşlərdə etdiyim səhv və dünən trafikə düşməyim nəticəyə təsir etdi.
Strategiya böyük fərq yaratmazdı. Düşünürəm ki, geridə qalmağımızın əsas səbəbi başlanğıc mövqeyimiz idi.
Ümumilikdə mövsümün ilk hissəsinə çox müsbət baxıram, amma deyə bilərəm ki, xüsusilə bu həftəsonu bolidin bütün potensialını göstərə bilmədim, çünki avtomobildə həqiqətən yaxşı potensial var idi.
Düzünü desəm, ehtimallar haqqında danışmaq istəmirəm. Günün sonunda hamısını bir araya gətirə bilmədim. Mersedes yəqin ki, bu həftə sonu üstünlüyə malik idi, Red Bull həmişəki kimi orada idi, McLaren məncə, bir az geridə idi və biz onların səviyyəsində idik. Sonda harada bitirəcəyimizi bilmirəm, amma dediyim kimi, əlimdən gələni etdim.”
Ferrari komandasının sürücüsü sonda əlavə edib ki, mövsümün qalan hissəsi ilə bağlı nikbin deyil.
“Mövsümün qalan hissəsi çətin olacaq. Turnir cədvəlinə baxsanız, bizim kifayət qədər geridə olduğumuzu görəcəksiniz. Bundan sonra gərək tam dominant olaq və bunu edə biləcəyimiz inkişaf planımız yoxdur.
Ancaq ən yaxşısı hər bir yarışı bir-bir düşünüb, maksimum nəticə əldə etməyə çalışmaqdır. Mövsümün ilk hissəsi məyusedici oldu, amma mübarizəmizi davam etdirəcəyik.”
Şərh əlavə et