Kokpit.az bildirir ki, britaniyalı sürücü Ferrari komandasındakı ilk podiumunu Kanadada qazanmağa ümid edirdi. Ancaq yarışda dağ siçanına çırpılması ilə onun bu ümidləri yerlə bir olub.
Yeddiqat Dünya Çempionu radiodan komandasına pis yarış keçirdiyini desə də, onun yarış mühəndisi Rikkardo Adami zədəyə baxmayaraq yaxşı templə getdiyini sürücüsünə bildirib.
Lyuis Həmilton yarışdan sonra bunları deyib: “Çox yavaş idim və performansım düşmüşdü. Hər dövrə yarım saniyədən çox itirirdim. Buna görə də sadəcə yarışa davam etməyə çalışdım.
Sıralanma turunda yaxşı idim. Yarışda da təkərlərə nəzarət edirdim. Buna görə də sevincli idim. Amma sonra nə baş verdiyini tam görmədim. Amma bir dağ siçanına çırpıldığımı öyrəndim.
Bu, çox məyusedici haldır. Heyvanları çox sevirəm. Buna görə də ürəyim ağrıdı. Bərbad haldır. Daha əvvəl belə hadisə yaşamamışdım. Bolidin sağ tərəfindəki altlıq panelində deşik əmələ gəldi. Altlıqdakı bütün kanallar parçalandı. Bundan başqa yarışın ortasında əyləc problemi yaşadıq.
İlk pit-stopda trasda bir az çox qaldıq və trasa trafikdə qayıtdıq. Daha sonra hər şey ardıcıl olaraq gəldi. Amma əyləc probleminə baxmayaraq, yarışı bitirdiyim üçün çox sevinirəm. Bu xalları qazana bilmək çox vacib idi.
Hər şey qüsursuz getsəydi, bəlkə dördüncü yeri tuta bilərdim. Doğrudan da bir yenilik paketinə ehtiyacımız var. Ön sıralarda mübarizə aparmaq üçün çox şey dəyişməlidir”.
Ferrari komandasının rəhbəri Frederik Vassyör isə Həmiltonun qəzasını zarafatla qarşılayıb: “Onu deyim ki, dağ siçanı ilə öpüşdüyümüz doğrudur. Səkkizinci ya da doqquzuncu dövrə idi.
Bolidin altlığının ön tərəfi tamamilə zədələndi. Bu da 20 xallıq asfaltayatma qüvvəsinim itməsinə səbəb oldu. Yenə də maşında böyük dəyişiklik olmadı, amma çox performans itirdik. Dağ siçanına bir gül göndərəcəyik”.
Şərh əlavə et