Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Hacar cərimələnib

Racing Bulls komandasının sürücüsü Ayzek Hacar Kanada Qran Prisinin sıralanma turunda Karlos Saynsı əngəllədiyi üçün yarışın startında 3 yer itirəcək.

Kokpit.az xatırladır ki, Karlos Sayns sıralanma turunun birinci sessiyasında sürətli dövrə atarkən 6-cı döngədə Ayzek Hacar onu əngəlıəyib. İspaniyalı sürücü buna görə sıralanma turunda 17-ci yeri tutub.

Sessiyadan sonra stüardlar Hacar və Saynsla danışıqlar aparıblar. Yekunda fransala sürücüyə yarışın startında 3 yer itirmək cəzası veriblər. Bu cəzadan sonra Ayzek yarışa 12-ci yerdən başlayacaq.

Cəzadan əvvəl Ayzek Hacar bu açıqlamanı vermişdi: “Mən heç kimi əngəlləmərəm. Sərbəst yürüşlərdə belə.

Mənə dedilər ki, Karlos dövrəsini ləğv etdi, amma əslində sürətli dövrə vururmuş. Kommunikasiya problemi oldu. Bu da həm onun, həm də mənim sıralanma turunu məhv etdi”.

Stüardlar isə cəzanı belə açıqlayıblar: “Yarış stüardları 6 nömrəli maşının (Ayzek Hacar) və 55 nömrəli maşının (Karlos Sayns) sürücülərinin təmsilçiləri ilə danışıqlar apardı. Məlumat sistemləri, videolar, zamanlamalar, komanda radioları və maşındaxili kameralar da təhlil edildi.

6 nömrəli maşın sürətli dövrəsini tamamlamışdı və 6-cı döngənin girişində 55 nömrəli maşınla yan-yana gəldi. 6 nömrəli maşın yarış trayektoriyasından çıxmağa çalışsa da, gecikmişdi.

O dedi ki, komandası ona Karlos Saynsın sürətli dövrəsini ləğv etdiyi ilə bağlı xəbərdarlıq verib. O, güzgüdə Saynsı görsə də, komandasının verdiyi məlumata güvənib. Məlumat səhv çıxanda, yol verməyə çalışdığını dedi.

Reqlamentə görə belə səhvlərə görə standart cəza yarışın startında 3 yer itirməkdir. Belə hallarda problemin sürücüdən ya da komanda radiosundan qaynaqlandığına baxılmır”.

Rauf Hacıyev

Şərh əlavə et