Xəbəri Kokpitdə Oxuyun!

Le Man 24 Saat – Ferrari və Kubitsa tarix yazıb

Ferrari 2025-ci ilin 24 saatlıq Le Man marafonunu 83 nömrəli peyk komandası ilə qazanıb. Fil Hanson, Robert Kubitsa və Yifey Ye üçlüyünün sürdüyü maşın italyan markasına ardıcıl üçüncü Le Man qələbəsini gətirib. Bundan başqa Ferrari bu ardıcıl üç qələbəni üç fərqli pilot triosu ilə əldə edib.

Kokpit.az bildirir ki, yarış ərzində Ferrari, Porsche və Cadillac arasında sıx mübarizə gedib. Ferrari yarışın böyük hissəsində lider olub. 6 nömrəli Porsche ekipajı (Kempbell-Estre-Fanthur) möhtəşəm yarış keçiriblər və Ferrari-nin podiumu işğal etməsinin qarşısınə alıblar. Onlar yarışı ikinci yerdə bitiriblər.

Üçüncü yeri isə 51 nömrəli Ferrari (Kalado-Covinatsi-Pyer Quyidi) tutublar. 50 nömrəli Ferrari isə (Fuoko-Molina-Nilsen) son ana qədər üçüncü yer uğrunda mübarizə aparsa da, dördüncü yerlə razılaşıblar.

Ferrari yarış ərzində strateji səhvlər etsə də, cəzalar alsa da, təhlükəsizlik maşınından sonra tempini artırıb. Bu da yarışda çox şeyə aydınlıq gətirib. Xüsusən də gecə saatlarında baş verənlər sıralanmaya vacib formada təsir edib. Pyer Quyidi yerində fırlanıb və cəzalardan sonra temp itirib. Bununla da 83 nömrəli maşında yarışan Robert Kubitsa liderliyi ələ alıb və bu da onun qələbəsində vacib rol oynayıb.

Porsche-nin 6 nömrəli ekipajı isə möhtəşəm performansla 4-cü yerdən ikinci yerə qədər yüksəlib. Mett Kempbell və Kevin Estre yarışın sonlarında lider Kubitsaya yaxınlaşsa da, ötmə etmək üçün vaxt olmadı.

Beləliklə, Ferrari uzun müddətdən sonra peyk komandası ilə qazanaraq, tarix yazdı.

Robert Kubitsa isə 2011-ci ildə ralli zamanı keçirdiyi ağır qəzadan sonra karyerasının ən böyük uğurlarından birinə imza atdı.

Rauf Hacıyev

Şərh əlavə et