Xəbəri Kokpitdə Oxuyun!

Kanada-2025: Rasselldən mövsümdə ilk!

Kanada Qran Prisinin nəticəsi demək olar ki, həmişə havadan asılı olur. Şərait dəyişkən olanda və ya yağış yağanda bu daha aydın hiss olunur, amma hətta hava normal görünəndə belə, bir az sərin olanda Formula 1 maşınları gözlənilmədən sürət qazanır və ya itirir.

Bu il Kanadada yarış həftəsonu sərin keçib və Mercedes maşınları sürətlənib. Rassell cümə günü ən yaxşı vaxtı göstərib, şənbə günü mövsümdə ilk dəfə sıralanma turunu qazanıb.

Pirelli ənənəvi olaraq bu mərhələyə ən yumşaq təkərləri gətirib – Hard, Medium və Soft rolu üçün C4, C5 və C6 tərkibləri seçilib. Yeni C6 tərkibi dar diapazonda işləyib və hamıya uyğun olmayıb, ona görə sıralanma turunun finalında ən yaxşı dörd nəticədən üçü yaxşı tanınan C5-də – yəni Medium-da göstərilib. Yarışda Norris, Lekler, Okon, Bortoleto, Sayns, Stroll, Tsunoda, Louson və Qasli Hard təkərlə start verib, qalanları Medium seçib.

Start düzülüşünün birinci cərgəsini Rassell və Ferstappen tutub, ikinci cərgədə Piastri və Antonelli olub, üçüncü cərgədə isə Hemilton və Alonso yer alıb. Dörd pilot startdan əvvəl cərimələnib — Tsunoda qırmızı bayraqlar altında ötmə etdiyinə görə 10 yer, Hacar sıralanma turunda Saynsı blokladığı üçün 3 yer itirib, Qasli və Louson isə pit-leyndən start verib — komandalar qapalı park qaydalarını pozub.

Boksdan çıxandan sonra Kolapintonun maşınında vibrasiya yaranıb, mexaniklər artıq start mövqeyində əyləc diskini dəyişib. Bazar günü həftəsonunun ən isti günü olub, şənbə ilə fərq çox olmayıb, amma təkərlərin davranışı dəyişib — arxa təkərlər məşqlərdə olduğundan daha tez yeyilib.

Startda Rassell liderliyi qoruyub, Antonelli üçüncü yer uğrunda Piastrini qabaqlayıb. Elbon otluğa çıxıb və üç mövqe itirib, Hülkenberq iki yer qazanıb. 2-ci dövrədə ilk onluq belə olub: Rassell – Ferstappen – Antonelli – Piastri – Həmilton – Alonso – Norris – Lekler – Hülkenberq – Kolapinto.

Ferstappen bir neçə dövrə Rassellə təzyiq edib, amma Corc sürətini artırıb və aranı açıb. Peloton uzanıb. 13-cü dövrədə Antonelli Ferstappenə yaxınlaşıb və hücuma hazırlaşıb, amma Maks pitə girib, təkəri dəyişib. Okon Bermanı və Hacarı ötməklə 12-ci yerə qalxıb.

14-cü dövrədə Rassell və Hacar təkəri dəyişib, 15-ci dövrədə Antonelli və Kolapinto, 16-cı dövrədə Həmilton və Alonso, 17-ci dövrədə Piastri, 19-cu dövrədə Berman, 20-ci dövrədə Hülkenberq pitə girib. Elbon Medium ilə start verənlər arasında təkər dəyişən sonuncu pilot olub və pit-stopu sonadək gecikdirilib, mövqeləri itirə-itirə 24-cü dövrədə yeni təkərlərə keçib.

25-ci dövrədə Stroll pit-stop edib. 26-cı dövrədə Rassell sürətini artırıb və hələ pitə girməmiş Lekleri qabaqlayıb, ikinci yerə qalxıb. 28-ci dövrədə Lekler təkəri dəyişib, Həmiltonun qabağında trasa qayıdıb — gecikdirilmiş pit strategiyası işə yarayıb.

Trasda təkər yeyilməsi fərqinə görə çoxlu ötmələr olub — pit-stop edənlər geriyə düşüb, sonra tədricən öndəkiləri ötməklə irəliləyib. 30-cu dövrədə Norris pit-stop edib. 36-cı dövrədə Qasli komandanın xahişi ilə Kolapintonu önə buraxıb.

8-ci dövrədə Ferstappen ikinci pit-stopunu edib, 39-cu dövrədə Antonelli pitə girib — Kimi trasa birbaşa Maksın qabağında qayıdıb, lakin Ferstappen onu dərhal ötməyi bacarıb. Louson da təkərləri dəyişib. 42-ci dövrədə Rassell pit-stop edib — arxa sol təkərin bərkidilməsində ləngimə olub, amma Ferstappenin qabağında geri qayıdıb.

Hacar Qaslini ötməklə 15-ci yer uğrunda mübarizəni udub. 45-ci dövrədə Piastri pit-stop edib, 46-cı dövrədə Həmilton, 48-ci dövrədə isə Norris pitə gəlib. 49-cu dövrədə Elbon güc qurğusundakı problemə görə maşını təhlükəsizlik zonasında saxlayıb və yarışı dayandırıb. Stroll Qaslini trasdan çıxarıb və mövqeyini geri qaytarmadığı üçün 10 saniyəlik cərimə alıb. 50-ci dövrədə Bortoleto pitə girib, 51-ci dövrədə Alonso onu izləyib.

53-cü dövrədə Stroll cəriməsini ödəyib və təkəri dəyişib, 54-cü dövrədə Lekler pit-stop edib. 52-ci dövrədə ilk onluq belə olub: Rassell – Ferstappen – Antonelli – Piastri – Norris – Lekler – Həmilton – Okon – Sayns – Hülkenberq.

Hard ilə start verən Okon, Sayns, Tsunoda və Qasli 55-ci dövrəyə qədər təkər dəyişməyib. 55-ci dövrədə Qasli pit-stop edib. 7-ci dövrədə Kolapinto Bermanı ötməklə 13-cü yerə qalxıb. Tsunoda yeni təkərlərə keçib. Louson maşını boksa gətirib və yarışı yarımçıq dayandırıb.

58-ci dövrədə Okon və Sayns ilk pit-stoplarını ediblər. 62-ci dövrədə Alonso Hülkenberqi ötməklə səkkizinci yerə qalxıb. 63-cü dövrədə Norris Piastriyə dəfələrlə hücum edib. Komanda onların mübarizəsinə müdaxilə etməyib. 64-cü dövrədə Tsunoda Hacarı ötməklə 14-cü yerə qalxıb.

Piastri və Norris üçüncü yerdə gedən Antonelliyə çatıb — onlar bir-birilərinə çox yaxın sürüblər. Norris Piastrini ötməyi bacarıb, lakin Oskar yerini geri qaytarıb. Bu, sonra bir daha təkrarlanıb. Üçüncü cəhddə Lando start düzlüyündə Piastrinin arxa təkərinə dəyib və baryerə çırpılıb, dərhal komandaya özü günahkar olduğunu deyib.

Təhlükəsizlik Maşını trasa çıxıb və Piastri dərhal pit-stop edib. Rassell TM arxasında qəfil əyləc basaraq Ferstappenin önə keçməsinə səbəb olub. Lakin niderlandlı sürücü dərhal yerini qaytarıb. Qəzanın nəticələrini aradan qaldırmağa vaxt çatmayıb və yarış elə TM arxasında başa çatıb.

Corc Rassell mövsümdə ilk, karyerasında isə dördüncü qələbəsini qazanıb. Maks Ferstappen ikinci olaraq McLaren sürücüləri ilə çempionatdakı xal fərqini azaldıb. Kimi Antonelli isə finiş xəttini üçüncü keçərək karyerasında ilk podium uğuruna sevinib.

Mübarizə 2 həftə sonra Avstriyada davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et