Monrealdakı bu tras hər nə qədər ötmələrə imkan versə də, buradakı son 10 yarışın 7-də pouldan başlayan sürücü damalı bayrağı birinci görüb. Cümə günü ən sürətli Corc Rassell olubsa da, bugünkü son sərbəst yürüşlərdə Lando Norris hamıdan fərqlənib.
Pirelli bura ənənəvi olaraq, yumşaq təkərləri C4, C5 və C6 tərkiblərini gətirib. Lakin asfaltla ilişmə yenə qə qənaətbəxş olmayıb.
İlk sessiyaya Qasli, Kolapinto, Antonelli və Alonso orta, qalan hamı yumşaq təkərlərlə başlayıb. Hava sərin olduğundan, sürücülər təkərlərin effekti ölmədən ardıcıl dövrələr vura biliblər. Berman və Həmilton ikinci döngədə səhvə yol veriblər. İlk cəhdlərdə Piastri daha sürətli olub, lakin ikinci cəhdlərdə Alonso hamını üstələyib.
Elbonun maşınının mühərrik qapağı asfalta düşüb, qırıntıları yığışdırmaq üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Restartdan sonra yalnız Aston Martin sürücüləri Medium təkərlərdə qalıblar. Norris komanda yoldaşını cüzi fərqlə üstələyərək protokollara başçılıq edib – 1:11.826. Qasli, Louson, Stroll, Sayns və Bortoleto üçün mübarizə bitib.
İkinci sessiyada Ferstappen orta təkərlərlə ilk cəhdinə çıxıb və ən yaxşı nəticəni əldə edib. Lakin ikinci cəhdlərdə Rassell onu üstələyib. Leklerlə Tsunoda arasında insident baş verib və daha sonra stüardlar tərəfindən araşdırılacaq. Okon, Verman, Hülkenberq, Kolapinto və Tsunoda ilk onluğa düşə bilməyiblət.
Finalda Elbon Medium, Həmilton və Hacar isə işlənmiş Soft təkərləri seçiblər. Əvvəlcə Piastri, daha sonra isə Ferstappen sürətli olub. İkinci cəhdlərdə Ferstappen Rassell, Alonso və Antonelli orta təkərləri seçiblər. Maks Medium təkərlərlə öz əvvəlki nəticəsini daha da yaxşılaşdırıb, lakin Rassellin dövrəsi ondan da sürətli olub – 1:10.899.
Corc Rassell mövsümdə ilk, karyerasında isə 6-cı poulunu qazanıb. Yarışa onun yanından son zamanlar münasibətlərinin heç də yaxşı olmadığı Maks Ferstappen başlayacaq. İkinci cərgədə Oskar Piastri və Kimi Antonelli, üçüncü cərgədə isə Lyuis Həmilton və Fernando Alonso qarşılaşacaqlar. Çempionliq mübarizəsi aparan Lando Norris və Ferrari-nin digər sürücüsü Şarl Lekler yalnız müvafiq olaraq, yeddinci və səkkizinci yerlə kifayətlənməli olublar.
Sabah bizi olduqca maraqlı yarış gpzləyir…
Şərh əlavə et