Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Balans pis idi, amma…

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, birinci sərbəst yürüşlərdəki kimi olmalıdırlar.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Kanada Qran Prisinin birinci sərbəst yürüşlərində hamıdan sürətli olub. Lakin o, ikinci sərbəst yürüşlərdə lider Corc Rassellə yarım saniyə uduzaraq, doqquzuncu yeri tutub.

Maks Ferstappen də sessiya ərzindəki ən sürətli dövrəsini Corc Rassell kimi Medium təkərlərlə vurub. Ancaq bir sürətli dövrəsində son şikanda etdiyi səhvlə dövrəsini bitirə bilməyib və buna görə də doqquzuncu yerdə qalıb.

Cümə sərbəst yürüşlərindəm sonra Maks Ferstappen bunları deyib: “Bu gün çox yaxşı gün idi. Birinci sərbəst yürüşlərdə özümü maşında rahat hiss edirdim. Ancaq ikinci sessiya bir az çətin keçdi.

Bunun əsas səbəbi isə maşının balansı idi. Ümumi sürüş hissiyyatı ilk sessiyaya görə daha pis idi. Bunun üzərində işləməliyik.

İkinci sessiyada bolidin balansı daha pis idi və özümü bir az narahat hiss etdim. Lakin ümumi götürsək, bizim üçün pozitiv gün idi. Əgər birinci sərbəst yürüşlərdəki hissə qayıtsaq, yaxşı görünürük.

Sıralanma turunda nələrin mümkün ola biləcəyini görəcəyik. Digər komandalar da üçüncü sərbıst yürüşlərdə inkişaf edəcəklər. Bizim əsas işimiz bolidi düzgün işləmə aralığına gətirməkdir. Ondan sonra sıralanma turunda nə edə biləcəyimizi görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et