Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Ən çətin cümə günü idi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Kanadada mövsümün ən çətin cümə gününü keçiriblər.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Kanadadakı birinci sərbəst yürüşlərdə yeddinci, ikinci sərbəst yürüşlərdə ikinci yeri tutub.

Maşında bəzi yeniliklər test edilsə də, Lando Norris istədiyi inkişafı hiss etmədiyini bildirib: “Maşında böyük fərq hiss etmədim. Ancaq bunu bir trasda görmək çətindir. Xüsusən də bura kimi bol qabarlı, az ilişməli və çoxlu şikanlı trasda belə dəyərləndirmələr etmək asan deyil.

Buna görə də dəqiq bir söz demək çox tezdir. Amma bütün dəyişikliklər bolidi yaxşılaşdırmaq üçün edilib. Bu yaxşı haldır. Yenə də çox çətin gün idi. Builki ən çətin günümüz idi.

Bəlkə də kənardan o qədər pis görünmür. Amma dövrə ərzində hər şeyi bir araya gətirmək çox çətin idi. Bütün sessiya ərzində sadəcə bir yaxşı dövrə vura bildim. Görüləcək işlərimiz çoxdur”.

Lando Norris trasın sürüşkən və tozlu olmasından da danışıb: “Tras hamı üçün çətin idi, amma biz bu ilin ən çətin cümə gününü keçirdik. Bəlkə də, sürət cəhətdən ən pisi deyildi, amma ən çətini idi. Bolidi daha yaxşı hala gətirməliyik”.

McLaren komandasının sürücüsü həftəsonunun geri qalanı üçün ümidlidir. O, hələ Monreala gətirilən yeniliklərin istifadə edilib-edilməyəcəyi ilə bağlı qərar vermədiklərini bildirib.

Lando Norris: “O barədə hələ qərar verməmişik. Bunu müzakirə edəcəyik. Ancaq hələ də yaxşı vəziyyətdəyik. Bütün komandalar bir-birlərinə yaxındırlar. Mercedes bu həftəsonu çox sürətli görünür. Keçən il də burada güclü komandalardan biri idilər. Bu il də sürətli olacaqlarını bilirdik və bu gün güclərini göstərdilər.

Biz də çox uzaqda deyilik. Sadəcə hər şeyi daha da sadələşdirməyə, bolidi daha asan sürülməli hala gətirməyə çalışırıq. O zaman işlər qaydasına düşəcək. Hazırda ən sürətli deyilik, lakin bu işlər əvvəldən məlum olmur”.

Rauf Hacıyev

Şərh əlavə et